Accessibility links

Fuad Ağayev: Konstitusiyaya dəyişikliyə hüquqi zərurət yoxdur [Video]


Vəkil Amerikanın Səsinə müsahibəsində Referendum Aktı layihəsindən danışıb

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində Azərbaycan Konstitusiyasına yeni düzəlişlərlə bağlı Referendum Aktı layihəsi barədə danışıb. Fuad Ağayev 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biridir.

Amerikanın Səsi: Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsini zəruri edən hüquqi səbəblər nədir?

Referendum Aktındakı təkliflərin əksəriyyəti zəurətdən irəli gəlmir.

Fuad Ağayev: Hesab etmirəm ki, Referendum Aktı layihəsini ümümxalq səsverməsinə (referendum) çıxarmaq üçün hansısa hüquqi əsaslar, zərurət var idi. Əksinə, təqdim olunan Referendum Aktındakı təkliflərin əksəriyyəti zərurətdən irəli gəlmir. Hər halda xalqın mütləq əksəriyyətinin ehtiyaclarından irəli gəlmir.

Amerikanın Səsi: Bəs nədən irəli gəlir?

Fuad Ağayev: Çox küman ki, bu layihə iqtidarda olan, iqtidar partiyasında təmsil olunan şəxslərin, yəni əhalinin mütləq azlığının niyyətlərindən bəhs edir və o niyyətlərin reallaşdırılmasına xidmət edəcək.

Amerikanın Səsi: Konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilərsə, hakimiyyətin idarə edilməsi sistemində və məhkəmə-hüquq sistemində hansı yeni situasiyalar yaranacaq?

Hətta, 1995-ci il Konstitusiyasına əsasən mövcud dövlət təsisatlarının da artıq xalq hakimiyyətindən deyil, digər mənbələrdən qaynaqlanmasına gətirib çıxaracaq.

Fuad Ağayev: Birinci növbədə deyim ki, bu dəyişikliklər qəbul ediləcəyi təqdirdə yaxşı heç nə gözləmirəm. Fikirləşirəm ki, referendumun keçirilməsinin özü də sual altındadır. Əvvəlki referendumlar kimi olsa, - əlbəttə karusel metodları, digər metodlardan istifadə olunarsa, - bu referendumun da hüquqiliyi, legitimliyi şübhə altında qalacaq. O ki qaldı idarəetmə sisteminə, icra hakimiyyəti sisteminə, əlbəttə, Referendum Aktı layihəsi yaxşı heç nə vəd etmir. Belə ki, birinci vitse-prezident və vitse-prezidentlər təsisatının ortalığa çıxması, prezident səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrasının hansısa qaydada legitimləşmiş vəzifəli şəxsə deyil, yalnız dövlət başçısının şəxsən öz mülahizəsinə uyğun olaraq təsis və təsdiq etdiyi birinci və digər vitse-prezidentlərə keçməsi, - (yəni heç kəs tərəfindən seçilməmiş, hətta Milli Məclis tərəfindən namizədliyi bəyənilməmiş şəxslərə keçmə imkanının yaranması), - əlbəttə, demokratik idarəetmə üsulunun bərqərar edilməsinə xidmət etmir. Hətta, 1995-ci il Konstitusiyasına əsasən mövcud dövlət təsisatlarının da artıq xalq hakimiyyətindən deyil, digər mənbələrdən qaynaqlanmasına gətirib çıxaracaq. O ki, qaldı məhkəmə hakimiyyətinə, - insan hüquq və azadlıqları ilə bağlı bir neçə hüquqlarla bağlı verilmiş təkliflər, o cümlədən vətəndaşlıqdan məhrum etmə, mülkiyyət hüququ ilə bağlı müdəalar, şəxsiyyətin toxunulmazlığı adı altında informasiya hüququnun məhdudlaşdırılması, - əlbəttə bizim məhkəmə sisteminə müsbət təsir göstərməyəcək. Kimsə deyə bilər ki, məhkəmələr elə vəziyyətdədir ki, ədalət mühakiməsindən danışmaq mümkün deyil. Ancaq, bu dəyişiklik qəbul edilərsə, indikindən də pis vəziyyət yarana bilər.

Amerikanın Səsi: Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişkliklərlə bağlı Referendum Aktına rəy verməsi zamanı müxalifətin maraqlı tərəf kimi dəvət edilməməsinə münasibətiniz? Məhkəmə müxalifətdə olan siyasi partiyaları müzakirələrə dəvət etməli idimi və yaxud ictimai dialoq, müxalifətlə müzakirələr lazım idimi?

AXCP-nin nümayəndələri Konstitusiya Məhkəməsinin iclasında təmsil olunmalı idi.

Fuad Ağayev: Referendum Aktı layihələrinin hazırlanması qaydası bütün digər normativ-hüquqi aktların hazırlanması qaydası ilə eynidir. Yəni, bütün digər normativ hüquqi aktların hazırlanması ilə eyni tələblərə cavab verməlidir. Bu Referendum Aktı Konstitusiyaya əsaslı, ciddi təsirlərlə bağlıdır. Belə olan halda o, mütləq müvafiq ekspertizalardan keçirilməli idi. Müvafiq məcburi, icbari hüquqi, linqivistik, sui-istifadə ekspertizalarından keçirilməli idi. Bunların heç biri haqqında məlumat verilməyib. Məlumat verilməyibsə, hesab edə bilərik ki, belə ekspertizalar ümumiyyətlə olmayıb. Digər tərəfdən, bütün siyasi partiyaların dəvət edilməsinə heç də zərurət yoxdur. Ancaq, “Azərbaycan Konstistusiya Məhkəməsi haqqında” qanuna müvafiq olaraq maraqlı tərəf müraciət edirsə, maraqlı tərəf təmsil olunmaq niyyətindədirsə məhkəməyə dəvət edilməlidir. Belə maraqlı tərəflərdən biri, buna misal olaraq Azərbaycan Xalq Cəbəhəsi Partiyasını göstərə bilərəm, o, öz niyyətini bildirib, ərizə verib. AXCP-nin nümayəndələri Konstitusiya Məhkəməsinin iclasında təmsil olunmalı idi. Lap desə idilər ki, biz iclası təyin etmişik. İclasın başlanması o demək deyil ki, elə həmin gün də iclas yekunlaşmalıdır. İclas başlayanda Konstitusiya Məhkəməsinin sədri müraciət edilməsini elan etməli idi və qanunvericiliyə uyğun olaraq AXCP-nin təmsilçiliyinin həyata keçirilməsi üçün həmin iclas təxirə salına bilərdi və təxirə salınmalı idi. Əfsuslar ki, Konstitusiya Məhkəməsi bunu etməyib.

Müəlliflərdən: Azərbaycan iqtidarı ölkədə hakimiyyətin xalq tərəfindən azad, demokratik seçkilərlə formalaşdığını bəyan edir. Onların fikrincə, ədalətli məhkəmə sistemi formalaşıb.

Bununla yanaşı, Azərbaycanda keçirilən seçkilər beynəlxalq seçki müşahidə institutlarının kəskin tənqidi ilə müşahidə olunub. Aparıcı müxalif siyasi partiyalar seçkilərin legitimliyini tanımayıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ölkədə 13 məhbusu “vicdan məhbusu” elan edib.

Yerli hüquq müdafiə təşkilatları Azərbaycanda 8-dən 90-dək siyasi mülahizələrlə həbs edilənlərin olduğunu iddia edir.

XS
SM
MD
LG