Accessibility links

Müxalifət fəalı saxlanılıb [Audio- vəkil Vüqar Məmmədov və Zəfər Əhmədli ilə müsahibə]


Fuad Əhmədlinin saxlanılmasının səbəbləri bəlli deyil. O, müxalifətin mitinqində və Facebook-da fəaldır

AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli aprelin 28-də evinin qarşısında iki mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Fuad Əhmədlinin atası Zəfər Əhmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, axtarışlardan sonra oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlandığını müəyyən edib.

“Aprelin 28-dən 29-na keçən gecə Fuad işdən evə qayıdarkən “10-PK-473" dövlət nömrə nişanlı ”Nissan Sunny" markalı avtomobil onu yaşadığı ünvana kimi təqib edib. Evimizin qarşısında zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Həmin gün səhərə qədər oğlumun kimlər tərəfindən oğurlandığından xəbər tuta bilmədim. Daxili Işlər Nazirliyinin “102" xidmətilə, prokurorluqla, Xətai Rayon Polis Idarəsi ilə əlaqə yaratdıqdan sonra məlum oldu ki, oğlum ”bandotdel"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparılıb”.

Aprelin 29-da Zəfər Əhmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi ilə əlaqə saxlayıb. Orada bildiriblər ki, Fuad Əhmədlinin barəsində 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

“Fuadın yanına vəkil göndərmək istədik, bizə bildirdilər ki, guya, o, vəkildən imtina edib. Çox çalışdıq ki, Fuadın özü ilə görüşüb məsələni dəqiqləşdirək, təəssüf ki, buna şərait yaratmadılar. Aprelin 30-da Fuadın saxlanıldığı idarəyə getdim. Mülki geyimli Elman adlı şəxs mənə yaxınlaşaraq dedi ki, Fuad oradadır, ona 25 sutka inzibati həbs cəzası veriblər. Cəzanı hansı səbəbdən verdiklərini soruşdum, dedilər ki, Fuad xırda xuliqanlıq eləyib. Amma bu ”xırda xuliqanlığın" nədən ibarət olduğunu demədilər. Elman müəllim dedi ki, “ola bilsin, küçədə gedərkən söyüş söyüb, ona görə də polislər saxlayıb”. Onda mən soruşdum ki, məgər polis vətəndaşı söyüş söydüyünə görə saxlayanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirir? Elman müəllim cavabında dedi ki, “mənim heç nədən xəbərim yoxdur”. Bundan sonra soruşdum ki, Fuadın həbsilə bağlı məhkəmə qərarı varmı? Varsa, həmin qərarı görmək istədim. Onu da göstərmədilər. Bir sözlə, idarədə heç bir sualıma cavab ala bilmədim. Nə Fuadı görə bildim, nə də məhkəmə qərarını...", - deyə Zəfər Əhmədli bildirib.

Öz növbəsində, vəkil Vüqar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, order təqdim etməsinə baxmayaraq onu Fuadla görüşə buraxmayıblar.

“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Fuad Əhmədlinin tutulmasının səbəbləri barədə də məlumat vermirlər. Əgər Fuadı inzibati qaydada saxlayıblarsa nə sbəbəbdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar. Məhkəmə qərarı varsa niyə göstərmirlıər? Güman edirəm ki, ona işgəncə verilib”, deyə vəkil qeyd edib.

Məmmədov həmçinin Fuadın siyasi və Facebook fəalı olduğunu bildirib. “Onun həbsinin səbəbini bunda axtarmaq lazımdır. Fuadı qanunsuz olaraq saxlayırlar. Bu hərəkətdən prokurora, məhkməyə və ombudsmana şikayət edəcəm”, deyə vəkil qeyd edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Fuad Əhmədli cərrahiyyə əməliyyatından yeni çıxıb və onun səhhətinə görə hakimiyyət məsuliyyət daşıyır.

Əli Kərimli facebook səhifəsində yazıb:

“AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli artıq dördüncü gündür ki, “banditizm” idarəsi tərəfindən oğurlanıb. Haqqında formal da olsa, məhkəmə qərarı yoxdur. Tam qanunsuz, girov kimi saxlanılır. Vəkili ilə belə görüşünə imkan verilmir. Nədə ittiham olunduğu barədə heç ailə üzvlərinə də məlumat verilmir”, deyə o qeyd edib.

Fuad Əhmədlinin saxlanması ilə bağlı rəsmi orqanlar hələ məlumat yaymayıb.

XS
SM
MD
LG