Accessibility links

AXCP və Müsavat Fuad Qəhrəmanlının azad edilməsini tələb edir (Yenilənib)


Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi
Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədr müavini Fuad Qəhrəmanlının həbsi ilə bağlı bəyanatla çıxış edib.

“AXCP Fuad Qəhrəmanlının həbsini dövlətin öz vətəndaşına, leqal təşkilatına qarşı kobud qanunsuzluğu kimi qiymətləndirir və bəyan edir ki, cəmiyyətin ləyaqətli insanlarına, xalqın azadlıq və rifahı üçün çalışanlara qarşı yürüdülən bu siyasət onun icraçılarını bədnam etməkdən savayı heç nə ilə yekunlaşmayacaq. AXCP Fuad Qəhrəmanlının və digər siyasi məhbuslarının azadlığa buraxılmasını tələb edir və ictimaiyyəti repressiyalara qarşı laqeyd qalmamağa səsləyir”, sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, rejimin mahiyyətini başa düşən hər kəs bu həbsi təbii qarşılayıb, lakin hakimiyyətin bu qanunsuz, özbaşına hərəkəti eyni zamanda hiddət doğurub.

“AXCP Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamları tamamilə qurama və əsassız hesab edir, onun təqsirsizliyinə əminliyini ifadə edir”.

Sənəddə deyilir ki, Baş Prokurorluğun yaydığı açıqlamadan da bir daha aydın olur ki, bu həbs tamamilə siyasi sifarişin nəticəsidir.

“Fuad Qəhrəmanlının nə real, nə virtual fəaliyyətində qanuna zidd heç nə yoxdur. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti onu yaxalayan iqtisadi-siyasi böhrandan diqqəti yayındırmaq, cəmiyyəti xofda saxlamaq üçün ölkənin avanqard qüvvələrinə qarşı qeyri-adekvat və zorakı addımlar atır”, AXCP bildirir.

***

Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həbs edilməsinə etiraz olaraq bəyanat yayıb.

Sənəddə deyilir ki, rəsmi qurumlar Fuad Qəhrəmanlının sosial şəbəkələrdə yazdığı fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edib.

“Müsavat Partiyası F.Qəhrəmanlının həbsini ifadə azadlığına rəsmi Bakının dözümsüzlüyünün nümunəsi sayır, ölkədə davam edən genişmiqyaslı repressiyaların davamı kimi dəyərləndirir və qəti şəkildə pisləyir”, sənəddə qeyd edilir.

Müsavat Partiyası iqtidarı fərqli düşünənlərə qarşı siyasi repressiyalara son qoymağa, xalqın və beynəlxalq birliyin önündə götürdüyü öhdəliklərə əməl etməyə çağırır.

Sənəddə F.Qəhrəmanlı və digər siyasi məhbuslara azadlıq tələb edilir

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Fuad Qəhrəmanlının öz çağırışları ilə insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

“Aparılmış istintaqla Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabrından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb. Öz çağırışları ilə F. Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur. F. Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib”, mətbuat xidməti qeyd edib.

F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG