Accessibility links

Qeyri-fars bölgələrin mediası "Farsın İftixarı" şüarını təfriqə salan və irqçı şüar kimi dəyərləndirir

İranın qeyri-fars bölgələrində fəaliyyət göstərən media İran milli futbol komandası üçün seçilmiş “Farsın İftixarı” şüarını xalqı parçalayan, təfriqə salan və irqçi şüar olaraq dəyərləndirir.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) veb səhifəsinə istinadən, qarşıdan gələn iyun və iyul aylarında Braziliyada kçiriləcək 2014 ili futbol üzrə dünya çempionatında İran milli futbol komandası üçün təklif edilmiş üç şüar arasından “Farsın İftixarı” şüarı seçilib.

“Bir dünya, bir millət, bir komanda” və “Röyanı ələ keçir!” İran komandası üçün təklif edilmiş digər şüarlardır.

İranın Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən Durna News veb səhifəsi belə şüarların İranda yaşayan muxtəlif etnik qruplar arasında ayrılıq salacağını vurğulayıb.

“Keçmişdə də İran komandası üçün Fars Ulduzları şüarı seçilmişdi. Ancaq, biz prezident Ruhaninin muxtəlif etniklərin hüquqlarını qorumağa dair verdiyi sözlərdən sonra belə məsələlərlə qarşılaşmamağı ümid edirdik”- deyə Durna News yazıb.

İran futbol komandasının 2006 dünya çempionatındakı şüarı “Fars Ulduzları”, 2011 Asiya Kubokunda isə “Fars Şahzadələri” olub.

İran xəbər agentliklərinə istinadən, FIFA veb səhifəsinin istifadəçiləri saytda aparılan səsverməyə qatılaraq öz ölkələrinin komandaları üçün təklif edilmiş şüarlardan birini seçirlər. İran mediası şüarların kimin, ya hansı orqan tərəfindən təklif edildiyi ilə bağlı məlumat verməyib.

Günaz TV saytı bir neçə etnik cəmiyyətə mənsub o cümələdən, türk və ərəb futbolçuların yer aldığı bir komandaya “Farsın İftixarı” adının verilməsini irqçilik olaraq dəyərləndirib.

İnsan haqları qrupları və Azərbaycan veb səhifələri İranda irqçiliyin sadəcə hakimiyyət orqanlarında deyil, eyni zamanda toplum içində də kök saldığını qeyd edirlər.
XS
SM
MD
LG