Accessibility links

“Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası ətrafında müzakirə keçirilib (audio)


“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransı
“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransı

Konsepsiyada 2020-ci ildə əhalin ümümdaxili məhsulda payının 13 min manata çatdırılacağı vəd edilir. “ÜDM-in 45 faizini neft gəlirləri təşkil edir. Əhalinin 45 faizi kəndlərdə yaşayır, ÜDM-in cəmi 6 faizini kənd təsərrüfatı təşkil edir”, BMT-nin əlaqələndiricisi deyib

Dekabrın 3-də “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı və pwc şirkətinin təşəbbüsü ilə keçirilən forumda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, nazirlər, komitə sədrləri, deputatlar, yerli və beynəlxalq ekspertlər iştirak edib.

"Azərbaycanın 2020-ci ilə baxışı" reportajı
please wait

No media source currently available

0:00 0:06:19 0:00
Direct link

Forumdakı rəsmi çıxışların leytmotivi Azərbaycanın uğurlu siyasətinin 2020-ci ilədək davam etdiriləcəyi olub. Beynəlxalq ekspertlərin çıxışlarında isə çox yumşaq olsa da tənqid notları sezilib. BMT-nin İnkişaf Proqramının, Dünya Bankının təmsilçilərinin çıxışlarında Azərbaycanda təhsil sahəsinin, kənd təsərrüfatının inkişafı və ümumilikdə insan kapitalının inkişafının vacibliyi qeyd edilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışında dövlətin strateji baxışlarına toxunub. 2020-ci ilədək ümumdaxili məhsulda (ÜDM) adambaşına düşən gəlir iki dəfə artırılaraq 13 min manata çatdırılacaq.

Onun fikrincə, son 20 ildə Azərbaycan uğurla inkişaf edib və 2020-ci ilədək bu uğurlu siyasət davam etdiriləcək.

“2003-2011-ci illərdə ümumdaxili məhsulun orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olub. Ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əməkhaqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artıb, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enib”.

Onun fikrincə, Azərbaycan keçid dövrünü başa vurub və yeni dövrün astanasındadır.

“Əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edilib.

“Qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirib, zəruri islahatlar həyata keçirib”.

Administrasiyanın rəhbəri ölkədə internetə çıxışın tam azad olduğunu və bu istiqamətdə siyasətin davam etdiriləcəyini vurğulayıb.

“Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir”.

R.Mehdiyev deyib ki, 2020-ci ilədək olan dövrü əhatə edən konsepsiya iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun tәkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.

Administrasiya rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Onun fikrincə, Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilib.

“Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər, öz ölkələrinə xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər. Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək".

R.Mehdiyev deyib ki, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən təcavüz məfhumu dünya birliyi tərəfindən birmənalı şəkildə qınananılıb.

BMT-nin İnkişaf Proqramın Azərbaycanda rezident əlaqələndiricisi Antoniyus Bruk hesab edir ki, iqtisadiyyatın şaxələndirilməsi mühüm bir meyardır. Təhsilin, kənd təsərrüfatının inkişafı, məşğulluq, rəqabətlilik, biznesin inkişafı üçün yaradılan şərait və səhiyyənin səviyyəsi ölkənin harada olduğunu müəyyən edir.

Onun fikrincə, yeni konsepsiya iqtisadiyyatın şaxələnməsi sahəsində yol xəritəsi ola bilər.

“Azərbaycanda ümumdaxili məhsulun 45 faizini neft və dağ mədən sənayesindən gələn gəlirlər təşkil edir. Əhalinin 45 faizi kəndlərdə yaşayır, amma ümumdaxili məhsulun cəmi 6 faizini kənd təsərrüfatı təşkil edir”, o bildirib.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko hesab edir ki, insan kapitalı, təhsil və xarici investisiyalar iqtisadiyyatın şaxələnməsinə təkan verir. İqtisadiyyatın inkişafı üçün liberal makroiqtisadi şərait və biznes mühiti olmalıdır.

L.Leşenko iqtisadiyyatını şaxələndirmiş və şaxələndirməyi bacarmayan Latın Amerikası ölkələrini, o cümlədən Venesuelanı, ötən əsrlərdə iqtisadiyyatı kömür və metaldan asılı olan Almaniya və İngiltərəni, Norveçi müqayisə edib.

“Rusiya təbii sərvətləri və hərbi qüvvələri baxımından dünyanın ilk 10 ölkəsindən biridir. Amma, bu Rusiya iqtisadiyyatının şaxələndirilməsi demək deyil”, - deyə o müqayisə edib.

Dünya Bankının nümayəndəsinin fikrincə, iqtisadiyyatın inkişafı üçün xarici investisiyanın ölkəyə daxil olmasına şərait yaratmaq lazımdır.

“Çünki, xarici investisiyalar yeniliklər və yeni texnologiyalar gətirir. Bu, həm də qlobal rəqabətə çıxış deməkdir”, o qeyd edib.

L.Leşenko hökumətin infrastruktur layihələrinə də toxunub. Onun fikrincə, infrastruktur layihələrinin ölkədə inkişafa faydalılığı nəzərə alınmalıdır. Pul körpülərə və digər infrastruktur layihələrə ayrıla bilər. Amma, bu hər zaman müsbət töhfə vermir.

“Düşünmək lazımdır ki, kənd təsərrüfatının inkişafına infrastruktur layihələri nə verir. Bu biznesin və kənd təsərrüfatının inkişafına töhfə verməlidir”, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib.

Onun fikrincə, 2011-ci ilədək Azərbaycanın inkişafı neft sektoru ilə bağlı idi.

“Lakin 2011-ci ildən başlayaraq qeyri neft sektorunda da inkişaf başlayıb. İqtisadiyyatın şaxələnməsinin əsas hərəkətverici qüvvəsi təhsil və kənd təsərrüfatı olmalıdır”, o qeyd edib.

Forumda Azərbaycanın nəqliyyat, İKT sektorundakı layihələr, əhalinin sosial müdafiəsi ilə bağlı görüləcək tədbirlər barədə də geniş məruzələr dinlənilib.
XS
SM
MD
LG