Accessibility links

Gəncədəki qarşıdurmada şübhəli bilinən iki nəfər saxlanıb


Etiraz aksiyası

Etiraz aksiyası

Gəncə şəhərində (Bakıdan 365 kilometr qərb) Kəlbəcərdən olan məcburi köçkünlərlə yerli icra hakimiyyəti nümayəndələri və polis arasında baş verən qarşıdurmada şübhəli bilinən Aqil Səmədov və Ərşad Nağıyev saxlanılıb. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə dekabrın 10-da Gəncənin Cavad xan qəsəbəsində (keçmiş Avtozavod adlanan ərazidə) inşa edilmiş qanunsuz tikililərlə bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, həmçinin, həmin ərazidə ictimai asayişi mühafizə funksiyalarını həyata keçirən 5 polis əməkdaşı və 1 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, habelə, polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlardan icra hakimiyyətinin başçısı və onun müavini, 1 polis əməkdaşı və 1 vətəndaş 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

XS
SM
MD
LG