Accessibility links

Otel rəhbərliyi gənc fəalların tədbir keçirməsinə imkan verməyib


Gənc fəallar

Gənc fəallar

Gənclər qeyri-döyüş şəraitində əsgər ölümü ilə bağlı hökuməti ittiham edib. Fəallar şənbə günü əsgər ölümünə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirəcək

Yanvarın 11-də Bakıda otellərin birində orduda əsgər ölümləri ilə bağlı keçirilməsi nəzərdə tutulan müzakirələr baş tutmayıb. Müzakirələr “Gənclər Məclisi”nin təşəbbüsü ilə keçirilirdi. Son anda otelin administrasiyası konfrans zalını gənclərə verməkdən imtina edib.

“Az qalsın sizə görə otelimizi bağlayacaqdılar, çıxın gedin buradan dedilər”, deyə “Gənclər Məclisi”nin üzvü Rəşad Həsənov Turan agentliyinə bildirib.

Bundan sonra gənclər tədbiri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirməyi qərara alıblar.

Qeyri-döyüş şəraitində əsgərlərin ölümü faktları ilə bağlı ictimai müzakirələrin təşkili üçün yanvarın 7-də Daşkəsən rayonunda yerləşən hərbi hissələrdən birində əsgər Cehyun Qubadovun ölümü əsas olub. Mərhumun ailəsinə onun ürək çatışmazlığından öldüyü bildirilib. Lakin əsgərin bədənində və sifətində zorakılıq izləri var idi. Bu fotoşəkillərin İnternetdə yayılması sosial şəbəkələrdə güclü ictimai narazılığa səbəb olub.

Gənc fəallar şənbə günü Fəvvarələr Meydanında əsgərin ölümünə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirməyi planlaşdırırlar.

“Gənclər Məclisi”nə demokratik yönlü müxtəlif təşkilat və hərəkatlardan 50-yə yaxın vətəndaş fəalı daxildir.
XS
SM
MD
LG