Accessibility links

Almaniyada islamlaşmaya qarşı etirazlar vüsət alır [Video]


Bazar ertəsi təxminən 25 minə qədər insan Almaniyanın Drezden şəhərində “Qərbdə İslamlaşma” adı altında təşkil edilən yürüşdə iştirak edib. Parisdə baş verən terror hücumlarına qarşı “Pegida” adlı etiraz yürüşləri bazar günü bütün Fransa boyu keçirilib.

Almaniya hökumətinin çağırışlarına baxmayaraq, bazar ertəsi böyük bir kütlə “Pegida” nümayişlərinə qatılıb. Fransa şəhərlərində milyonlarla insanın qatıldığı nümayişlərdən bir gün əvvəl minlərlə alman əlıində “Biz Çarliyik” şüarları və Fransa bayrağları ilə küçələrə çıxıb.

Alman nümayişçilərindən biri buraya Fransa xalqına hörmət əlaməti olaraq gəldiyini deyir. “Mən Fransa xalqından başlarına gələnlərə görə üzr istəyirəm. Bu bizim də başımıza gələ bilər.”

“Anti-İslam” etirazları hələ oktyabr ayında, yüzlərlə insanın iştirakı ilə başlamışdı. Bundan sonra demək olar ki, hər bazar ertəsi axşam minlərlə insan Drezdenin mərkəzində toplaşır, eynilə 1989-cu ildə Şərqi Almaniyada kommunizmin yıxılmasından əvvəl, hökumətə qarşı keçirilən nümayişlər kimi.

“Almaniya Üçün Alternativ” siyasi partiyasından Hans Holger Malkoms: “Bizim hər bazar ertəsi axşam buraya yığışmağımızın səbəbi bizim məhəl qoyulmayan tələblərimiz haqda müzakirələr aparmaqdır.”

“Pegida” etirazları milli bayraqlar və xristian ikonaları ilə gələnləri cəlb edir. Burada “Rusiya ilə müharibəyə Yox!” kimi bir neçə şüara da rast gəlmək oldu. Amerikanın Səsi neo-nasist ritorika səsləndirən bir neçə etirazçı ilə söhbət edib. Rolan Sidler: “Üçüncü Reyxə aid 3 rəng doğrudur, mənim əynimdəki gödəkcədə olduğu kimi, qara, ağ və qırmızı. Bu rənglər zülmsüz Almaniyanı təmsil edir.”

Almaniya kansleri Angela Merkel “Pegida” yürüşlərini qınadığına görə, etiraz olaraq nümayişçilərin əlində xanım Merkelin başında müsəlman örtüyü olan şəkli də olub.

2 km boyunca düzlənən əks-nümayişçilər fərqli şüarlar səsləndiriblər. Onları millətçilərdən polis ayırıb.

“Pegida”ya qarşı olan digər nümayiş iştirakçısı Riçard Lopez: “Mən buraya ksenofobiyaya, Drezdendəki nümayişlərə qarşı olduğum üçün gəlmişəm. Mən onları dəstəkləyə bilmərəm, çünki İslamdan bizə heç bir hədə yoxdur.”

Yürüşün sonunda təşkilatçılar “Pegida”nın bütün Avropa boyu yayıldığını bəyan etdilər. Hələ ki, əks-nümayişçilərin sayı Pegida tərəfdarlarının sayını üstələyir. Hər iki tərəfdə sayların çoxalması ilə Almaniya siyasi liderləri parçalanmış elektoratla üzləşir.

XS
SM
MD
LG