Accessibility links

Bu gün bir sıra dünya ölkəsində homoseksualların paradı təşkil edilib


Bu gün bir sıra dünya ölkəsində homoseksualların paradı təşkil edilib. Əksər yerlərdə paradlar dinc keçsə də, İstanbulda polis nümayişçiləri təzyiqli qaz və rezin güllələrlə dağıdıb.

Polisin nümayişi dağıtmasının səbəbi məlum deyil. Belə ki, əvvəlki illərdə də Türkiyədə bu kimi paradlar təşkil edilib. Türkiyə mətbuatında bu il parada icazə verilməyəcəyi bildirilmişdi.

İlk dəfə 1970-ci ildə gey paradı təşkil edilən Nyu-Yorkda minlərlə insan toplaşıb. ABŞ-ın Ali Məhkəməsinin bütün ştatlarda eynicinsli nikahı qanuniləşdirməsindən sonra çoxsaylı insanın parada qatılacağı gözlənilirdi.

Bu dəfə gey paradına Britaniyanın məşhur homoseksual aktyorları da qatılıb. London paradında İan Makellan və Derek Ceykobi kimi aktyorlar iştirak edib

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində və Fransanın paytaxtı Parisdə də çoxsaylı insanın iştirakı ilə yürüş təşkil edilib.

ABŞ-ın Ali Məhkəməsi iyunun 26-da eynicinsli evliliklərin qanuni olduğuna dair hökm çıxarıb.

Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.

Amerikanın 36 ştatı və Vaşiqnton mahalında bu kimi nikahlar artıq qanuni hesab edilir.

Ali Məhkəmənin hökmü bütün 50 ştata şamil edilir.

ABŞ prezidenti Barak Obama Twitter səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır. “Homoseksuallar hər kəs kimi artıq evlənmək hüququ əldə edib”-deyə prezident bildirib.

Ali Məhkəmənin hökmü 1967-cı ildə irqlərarası nikahın qanuniləşməsindən sonra evlilik qanunlarında daha bir inkişaf hesab edilir.


XS
SM
MD
LG