Accessibility links

Gəncədə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatı zamanı iki nəfər həlak olub


Milli Təhlükəsizlik Nazirliyi Zaqatala və Gəncədə əməliyyat keçirib. Nəticədə iki nəfər həlak olub, 5 nəfər yaralanıb, 6 nəfər saxlanıb.

Aprelin 6-da Gəncə şəhərində (Bakıdan 360 kilometr qərb) Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə terrora hazırlıqda şübhəli bilinən radikal dini qrupun üzvləri arasında silahlı insident baş verib. İnsident nəticəsində silahlı qrupun bir üzvü və Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı Elşad Quliyev həlak olub, hər iki tərəfdən 5 nəfər isə ağır yaralanıb.

Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə Əlaqələr Mərkəzi və Gəncə şəhər prokurorluğu insidenti təsdiq edib. Amma, ətraflı məlumat verilmir.

Gəncə şəhər prokurorluğundan Amerikanın Səsi radiosuna hazırda hadisə yerində müayinə aparıldığını bildiriblər. Prokurorluq həmçinin radikal dini qrupun iki üzvünün saxlandığını təsdiq edib.

Yerli qeyri-rəsmi mənbələrdən Amerikanın Səsi radiosuna bəlli olub ki, insident Gəncə şəhəri Mahrasa bağları, Təbriz küçəsi 93 saylı binanın 3-cü mərtəbəsindəki mənzildə qeydə alınıb. Radikal dini dəstənin üzvlərinin hamısı Azərbaycan vətəndaşıdır və bu binada kirayədə yaşayırmış.

Milli Təhlükəsizlik Nazirliyinin 4 əməkdaşı mənzilə daxil olan zaman qrupun üzvlərindən biri özünü partladıb. Nəticədə iki nəfər həlak olub, 5-i nəfər isə (radikal dini qrupun 2 üzvü və 3 MTN əməkdaşı) ağır xəsarət alıb.

Rəsmi orqanlar hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.

Eyni zamanda, APA Agentliyi aprelin 5-də MTN-nin Zaqatala rayonunda da (Bakıdan 400 kilometr şimal-qərb) radikal dini qrupa qarşı əməliyyat keçirdiyini bildirib. Əməliyyat zamanı qrupun 4 üzvü saxlanıb.

XS
SM
MD
LG