Accessibility links

Gənclər Forumu hökumətin gənclər siyasətini tənqid edib


Gənclər Forumu hökumətin gənclər siyasətini tənqid edib
Gənclər Forumu hökumətin gənclər siyasətini tənqid edib

Çıxışların ana xəttini Azərbaycan hökumətinin gənclər siyasətinin demokratik gəncliyin əleyhinə yönəlməsi, ölkədəki siyasi məhbuslara azadlıq təşkil edib.

Vətəndaş Həmrəyliyi Partiyasının ofisində müxalifətdə olan gənclər təşkilatlarının forumu olub. Forumda müxalifətdə olan siyasi partiyaların və müstəqil gənclər təşkilatları iştirak edib.
Çıxışların ana xəttini Azərbaycan hökumətinin gənclər siyasətinin demokratik gəncliyin əleyhinə yönəlməsi, ölkədəki siyasi məhbuslara azadlıq təşkil edib.
“Azərbaycanda iqtidarın gənclər siyasətinin nəticəsində 9 gənc siyasi məhbusdur, universitetlərdə demokratiya uğrunda mübariz gənclərə təzyiqlər göstərilir, toplaşmaq və media azadlıqları tapdanır”, - deyə Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Samir Əsədli qeyd edib.
Gənclər iqtidarın gənclər siyasətinin iflasa uğradığını, bu siyasət üçün ayrılan milyonlarla manat vəsaitin səmərə vermədiyini bildirib. “Yeni gəncliyin qarşısında çoxsaylı problemlərin həlli durur. Bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Əliyev avtoritar rejimi, sosial ədalətsizliyin aradan qaldırılması, azad və ədalətli seçkilərin keçirilməsi, Güney Azərbaycandakı 35 milyonluq azərbaycanlının hüquqları uğrunda mübarizədir. Azərbaycan gənclərinin xəyalları olan Bəxtiyar Hacıyev, Cabbar Savalan, müxalifətçi gənclər həbsdədir. Bu iqtidar Neft Akademiyasına həlak olan gənclərin qanları qurumamış gül bayramı keçirir. Öz balalarının yarım milyonluq toylarında paçka-paçka şabaş verir, amma cəbhədə şəhid olan əsgərlərin taleyi ilə maraqlanmır, onların yasına qatılmır”, - deyə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd edib.
Forum iştirakçıları ölkə gənclərini iqtidarın səmərəsiz gənclər siyasətinə qarşı birləşməyə çağırıb. Azərbaycan gəncliyini ən çox narahat edən demokratik azadlıqların və hüquqi dövlətin olmamasıdır. “Gənclər yalan üzərində qurulmuş siyasətə qarşı mübarizə aparmalıdır. Gənclik yalandan imtina edib, mübarizə yolunu seçməlidir”, - deyə Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı bildirib.
Forumda 2 aprel mitinqi ilə bağlı həbs edilən gənclərin azadlığa buraxılmasının vacibliyi qeyd edilib. Gənclər hesab edir ki, iqtidarın son zamanlar gəncləri həbsə məhkum etməsi onun mübarizə istiqamətinin dəyişdiyini göstərir. “Bu gün artıq 1990-cı illərdə Azərbaycanın müstəqilliyinə nail olmuş insanların demokratiya uğrunda mübarizə aparan övladlarını həbs edirlər. İqtidar artıq kimlərdən qorxduğunu çox yaxşı nümayiş etdirir. Azərbaycanda dövlət suverenliyi qazanılıb. Amma, xalqın suverenliyi əldə edilməlidir. Konstitusiyanın birinci maddəsinə uyğun olaraq xalq hakimiyyətin mənbəyinə çevrilməlidir”, - deyə vəkil Xalid Bağırov bildirib.
Forum ölkədəki mövcud siyasi vəziyyət və siyasi məhbuslarla bağlı bəyanat qəbul edib. Sənədlərdə hakimiyyətdən siyasi islahatlar keçirməsi, vətəndaş hüquqlarına hörmət etməsi, siyasi repressiyalara son qoyması, vicdan məhbuslarının, o cümlədən Xural qəzetinin redaktoru Əvəz Zeynallının azadlığa buraxması, toplaşmaq və media azadlığının təmin edilməsi tələb edilir.

Öz növbəsində, rəsmi Bakı gənclər siyasətinin uğurlu olduğunu bildirir. Hökumət gənclərlə bağlı bir neçə dövlət proqramı həyata keçirir.

XS
SM
MD
LG