Accessibility links

Gənclər təşkilatları Azərbaycan hökumətini gəncləri qanunsuz həbs etməməyə çağırıb


Gənclər təşkilatları Azərbaycan hökumətini gəncləri qanunsuz həbs etməməyə çağırıb

Gənclər təşkilatları Azərbaycan hökumətini gəncləri qanunsuz həbs etməməyə çağırıb

Xalq Cəbhəsi, Müsavat, Demokrat, Vətəndaş Həmrəyliyi, Ümid Partiyalarının Gənclər Təşkilatları, Azad Gənclik Təşkilatı, Dalğa Gənclər Hərəkatı, 10 Dekabr Gənclər Təşkilatı, Nida Vətəndaş Hərəkatının təmsilçiləri hakimiyyət orqanlarına, diplomatik korpuslara, beynəlxalq və yerli vətəndaş cəmiyyətlərinə müraciət imzalayıb

Azərbaycanın müxalifətyönümlü gənclər təşkilatları Repotyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində son zamanlar etiraz aksiyaları öncəsi gənclərin saxlanmasının yolverilməzliyi ilə bağlı müzakirələr keçirib.

Tədbirdən öncə media mərkəzinin yerləşdiyi əraziyə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları nəzarət edib, Post Patrul Xidmətinin avtomobilləri keşik çəkib. Polis əməkdaşları institutun direktoru Emin Hüseynovla keçiriləcək tədbirin məqsədi ilə bağlı sorğu-sual aparıb.

Toplantıda Xalq Cəbhəsi, Müsavat, Demokrat, Vətəndaş Həmrəyliyi, Ümid Partiyalarının Gənclər Təşkilatları, Azad Gənclik Təşkilatı, Dalğa Gənclər Hərəkatı, 10 Dekabr Gənclər Təşkilatı, Nida Vətəndaş Hərəkatının təmsilçiləri hakimiyyət orqanlarına, diplomatik korpuslara, beynəlxalq və yerli vətəndaş cəmiyyətlərinə müraciət imzalayıb.

Sənəddə deyilir ki, gənclərin oğurlanması və həbslər dayandırılmalı, müxalif fikirli şəxslərə qarşı təqiblərə son qoyulmalıdır. “Yaxın müddətdə yeni etiraz aksiyalarının keçiriləcəyini nəzərə alaraq, dövlət qurumlarına, konkret olaraq hüquq-mühafizə orqanlarına, yerli vətəndaş cəmiyyətlərinə və beynəlxalq ictimaiyyətə, o cümlədən demokratik ölkələrin diplomatik korpus nümayəndələrinə müraciət edirik”.

Gənclər Təşkilatlarının rəhbərləri bildirib ki, 11 və 12 mart aksiyaları öncəsi çoxsaylı gənc hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanıb və sonra məhkəmələr onlar barəsində xəlvəti olaraq həbs qərarı verib. AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirib ki, saxlanılmış gəncləri valideynləri və gənclər təşkilatları bir neçə gün axtarıb.

Gənc liderlər gənclərin aksiyalardan öncə həbsini siyasi adlandırıb. Onların fikrincə, ittihamlar da absurddur. İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov gənclərin həbsinin, bu barədə onların ailə üzvlərinin məlumatlandıdırlmamasının qanunvericiliyə və ölkəınin beynəlxalq öhdəliklərinə zidd olduğunu deyib.

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı atası ilə birgə aptekdən dərman alarkən saxlanıb, atasının idarə etdiyi avtomobillə polis bölməsinə aparıblar. Sonra isə, məhkəmə onu avtoxuliqanlıqda ittiham edərək 4 sutka həbs verib və bir il müddətinə sürücülük hüququndan məhrum edib. “Məhkəmə mənim sürücülük hüququmun olmadığını da nəzərə almadı. İndi, gülməli də olsa, mənim olmayan hüququm əlimdən alınıb”.

Nida Vətəndaş Hərəkatının üzvü Abdulla Tağıyev izlənib və sonra Abşeron Polis Şöbəsinə aparılıb. O, bir gecə polisdə saxlandıqdan sonra, məhkəmə barəsində 4 sutka həbs qərarı çıxarıb. Cənab Tağıyev hələ də həbsinin səbəbini bilmir.

Dəyanət Babayev isə bildirib ki, guya telefonla bərkdən danışdığına görə həbs edilib. “Məhkəmə bu ittihamla mənə 10 sutka həbs kəsib”.

Dalğa Gənclər Təşkilatının sədri Orxan Nəbiyev hökuməti gənclərin siyasi yollarla həbsinə son qoymağa çağırıb. O, etiraz aksiyalarının davam edəcəyini deyib. “Ərəb inqilablarında da hakimiyyət gənclərə qarşı qəddar davrandı, nəhayətdə diktatorlar çökdü”, - deyə o qeyd edib.

XS
SM
MD
LG