Accessibility links

Siyasi partiya rəhbərlərinin Prezident Administrasiyasının təmsilçiləri ilə görüşü olacaq


Mayın 15-də siyasi partiyaların rəhbərlərinin iqtidar təmsilçiləri ilə növbəti, üçüncü görüşünün keçirilməsi gözlənilir. Bu barədə Amerikanın Səsinə siyasi partiyalardan bildiriblər.

Prezident Administrasiyasından siyasi partiya rəhbərlərinə göndərilən bildirişlərdə görüşə rəsmi qeydə alınan bütün siyasi partiyaların dəvət olunduğu qeyd edilib.

Partiya rəhbərləri görüşün formatı və müzakirə ediləcək mövzu barədə bilgiyə malık deyil. Yerli medianın məlumatına görə, hansı mövzunun müzakirə ediləcəyi barədə iqtidar tərəfindən partiyalar hələ məlumatlandırılmaylıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı bundan öncəki görüşlərə qatılmayıb. O, Prezident Administrasiyasından mayın 15-də keçiriləcək görüşə dəvət aldığını bildirib, amma yekun qərarın görüşün formatı, müzakirə ediləcək mövzu barədə məlumat aldıqdan sonra veriləcəyini deyib.

Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı görüşə dəvət almadıqlarını və ona qatılmaq niyyətlərinin də olmadığını bildirib.

Siyasi partiyalarla Prezident Administrasiyasının təmsilçiləri arasında ilk görüş 2014-cü ilin dekabrında, ikinci görüş 2015-ci ilin fevralında keçirilib. İkinci görüşdə iki aydan bir belə formatda görüşün keçirilməsi barədə razılıq əldə edilib. Lakin bu görüşdən üç ay keçir.

XS
SM
MD
LG