Accessibility links

Azərbaycan və Polşa əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Elmar Məmmədyarov və Vitold Vaşçikovski

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumu və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Vitold Vaşçikovski Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.

Vitold Vaşçıkovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olunub.

Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü bildirib. Nazir bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğulayıb.

Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçirib.

Vitold Vaşçıkovski beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.

Nazirlər Azərbaycan və Avropa İttifaqı münasibətlərində toxunub. Azərbaycan ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG