Accessibility links

Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Enegetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston Offşor Texnologiya Konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyəti əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Robert Sekuta “Offşor Texnologiya Konfransı” barədə məlumat verib. Bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır.

Yüz ölkəni təmsil edən 2300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malikdir. Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb.

Robert Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı ilə də maraqlanıb.

Energetika naziri Natiq Əliyev səfiri layihə üzrə işlərin gedişatı və mövcud çətinliklər barədə məlumatlandırıb. Nazir “Şahdəniz - Mərhələ 2”, “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, “Trans-Anadolu” qaz boru kəməri” layihələri üzrə işlərin qənaətbəxş səviyyədə olduğunu, lakin İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib. Bu problemlərin “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib.

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən Natiq Əliyev, ümumilikdə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliyə aparılmasına töhfə verdiyini də vurğulayıb. Səfir isə ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və dəstəyinin davamlı olduğunu bildirib.

Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar barədə də müzakirələr aparılıb. Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.

“Sazişin müddətinin uzaldılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək”, nazir əlavə edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG