Accessibility links

Gözəl Bayramlı: Polis məni ölümlə təhdid edəni tapacağını bildirdi [Audio-müsahibə]


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

AXCP sədrinin müavini Amerikanın Səsinə müsahibəsində ölümlə təhdid edildiyindən danışıb

AXCP sədrinin müavini Gözəl Bayramlı noyabrın 2-də Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində izahat verib. Bu barədə Gözəl Bayramlının özü Amerikanın Səsinə müsahibəsində bildirib.

Gözəl Bayramlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:32 0:00

O, Facebook səhifəsində yazıb ki, bu il oktyabrın 28-də 050 393 34 68 telefon nömrəsindən ona zəng edərək ölümlə hədələyiblər.

Gözəl Bayramlı dərhal Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” zəng edib.

“Günün sonuna qədər polis heç bir tədbir görmədi. Yalnız mətbuatda və sosial şəbəkələrdə mövzu ciddi müzakirəyə səbəb olduqdan sonra, axşam saat 21-dən sonra Suraxanı polisindən zəng edərək ifadə vermək üçşün polisə dəvət edildim. Xəstə olduğum üçün yalnız bu gün polisə gedib izahat verdim”, deyə o bildirib.

Gözəl Bayramlının sözlərinə görə, oktyabrın 29-da Facebook şəbəkəsində “Abu Zerz Ahi” adlı bir profildən (https://www.facebook.com/abu.zerzahi.1?fref=ts&__mref=message_bubble) Bayramlının şəkli ilə birlikdə hədə dolu bir status paylaşılıb:

“Yaxın ətrafındakı insanlara sizə mən allahlıq edəcəyəm deyən həmin kafir qadın budur. İnşallah ki, tezliklə öz əxi qardaşımla bunun murdar başını öz dostlarının şam yeməyinə göndərib sizi bir-iki günə sevindirəcəyəm, əziz qardaşlarım mənim!”, həmin statusda deyilir.

AXCP sədrinin müavini deyib ki, telefon zəngi və ona göndərilən hədə mesajı barədə izahatında yazıb.

“Mən izahat verdim. Hadisə ilə bağlı ətraflı məlumat verdim. Polis bölməsində bildirdilər ki, telefon sahibini müəyyən edib bir neçə günə tədbir görəcəklər. Görülən tədbirlə bağlı məni də məlumatlandıracaqlarını dedilər”, o qeyd edib.

Gözəl Bayramlı hesab edir ki, ona qarşı edilən “mənəvi terror və ölüm təhdidinin arxasında mövcud rejim dayanır”.

“Mən mövcud rejimə qarşı mübarizənin ön cəbhəsindəyəm, bu mübarizəyə rəhbərlik edən AXCP sədrinin azadlıqda olan yeganə müaviniyəm”, o qeyd edib.

AXCP sədrinin müavini bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq xəbərdarlıq edildiyini də deyib.

“Orada mənı “Nardaran işi” ilə bağlı yaydığım məlumatlara görə xəbərdarlıq ediblər”, Bayramlı qeyd edib.

AXCP sədrinin müavini polis onu təhdid edən şəxs və ya şəxsləri tapmazsa məhkəməyə müraciət edəcəyini istisna etməyib.

Bununla yanaşı, AXCP sədri Əli Kərimli müavinini ölümlə hədələyənlərin tapılması və Bayramlının təhlükəsizliyinin təmin edilməsi üçün daxili işlər nazirinə və baş prokurora müraciət edib.

Milli Şuranın sədri Cəmil Həsənli də müxalif siyasi partiya sədrinin müavininin ölümlə təhdid edilməsini pisləyən bəyanatla çıxış edib.

XS
SM
MD
LG