Accessibility links

Gözəl Bayramlı: Mən, Azadlıq qışqırırdım


Gözəl Bayramlı: Mən, Azadlıq qışqırırdım

Gözəl Bayramlı: Mən, Azadlıq qışqırırdım

Gözəl Bayramlı həbsinin sifariş olduğunu deyib. Həbs zamanı qeyri insani davranışa məruz qaldığından, təcridxanada ona qarşı münasibətin normal olduğundan, məhkum insanların durumundan danışıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı 17 mart aksiyası zamanı həbs edilib. Xanım Bayramlı bu gün, 5 günlük həbsdən sonra Amerikanın Səsi radiosuna müsahibə verib. O, həbsinin sifariş olduğunu deyib. Həbs zamanı qeyri insani davranışa məruz qaldığından, təcridxanada ona qarşı münasibətin normal olduğundan, məhkum insanların durumundan danışıb.

Sual: Beş günlük həbsiniz necə keçdi?

Cavab: Həbs vaxtım normal keçdi. Böyük siyasi proseslərdən sonra bir az dincəlmək imkanı qazandım. İndi, artıq həbsdən çıxmışam, evə gedirəm.

Sual: Təcridxanada Sizə qarşı münasibət necə idi?

Cavab: Mənə qarşı münasibət normal idi. Kimə isə qarşı narazılığım yoxdur. Kiminsə məni narazı salan hərəkəti ilə rastlaşmadım.

Sual: Hakimiyyətin Sizə qarşı münasibətini necə qiymətləndirirsiniz?

Cavab: Yuxarıdan verilən sifarişlə məni həbs etdilər. İlk andaca, bunu Nəsimi Polis İdarəsində gördüm. 11 nəfər xanım saxlanılmışdı. Mənim adımın qarşısından “rəis” sözləri yazılmışdı. Təbii ki, bu Azərbaycan hakimiyyətinin siyasətçi Azərbaycan qadınına münasibətinin göstəricisidir. Bu, həmdə hakimiyyətin Azərbaycan qadınına, Azərbaycanın milli-mənəvi dəyərlərinə münasibətinin göstəricisidir.

Sual: Mətbuatda çoxsaylı şəkilləriniz dərc edilib. Sizə qarşı qeyri insani davranış olubmu?

Cavab: Mitinqin ilk dəqiqələrində polislər məni saxladı və polis idarəsinə apararkən zorakılığa yol verdilər. İki polis əvvəlcə qollarımı burdu, biri o birisinə hətta dedi ki, sürü. Mən dizi üstə düşdüm. Bu zaman arxadan boynumu burdu, qarşı tərəfdən bir nəfər ağzımı tutdu. Mən “Azadlıq” deyə qışqırırdım. Polis maşınına mindiriləndə də, eyni qaydada ağzımı tutdular və qollarımı burdular. Ondan sonra qolumda güclü ağrılar başladı, xüsusilə sol qolumda. Təcridxanada təcili yardım çağırdılar və ağrıkəsici iynə vurdular. İndi ağrılar nisbətən keçib, sol qolumda bir az ağrı var.

Sual: Siyasətlə məşğul olan insan kimi, cinayətlə tutulmuş qadınlarla ünsiyyətdə özünüzü necə hiss edirdiniz?

Cavab: Əvvəlcə, məni təklikdə iki nəfərlik kameraya göndərdilər. Həmin gün axşam bir əsgər anası xanım gətirildi. Qadın qonşusu ilə münaqişə zəminində gətirilmişdi. Qonşusu evinə su salmışdı, bu şikayət etmişdi, özünü şərləyib tutmuşdular. Bundan sonra, kameraya daha bir xanım da gəldi. Mənə qarşı çox yaxşı münasibət var idi. Həbs müddətində həmin qadınlarla, ölkədə qadın problemləri ətrafında söhbətlər etdik. Bu qadınlardan birinin dörd uşağı, iki nəvəsi, digərinin isə iki uşağı, dörd nəvəsi var idi. Hər üçümüz şərlənərək həbs edilmişdik. Mən siyasi fəaliyyətlə məşğul olduğumdan qabaqcadan həbsimi gözümün qarşısına almışdım. Bu səbəbdən özümə qarşı haqsızlıq o qədər də təsirli olmadı. Amma, o qadınlara qarşı haqsızlıq mənə çox pis təsir etdi.

Xanım bəlkə də hirslənə bilər, hansısa ifadəni düzgün seçməyə bilər. Amma, hansı Azərbaycan mentalitetinə, hansı kişiliyə yaraşar ki, xanımın üzünə durub onu həbs etdirəsən. Paradoksal olsa da, hər üçümüz də haqqımızı tələb etdiyimizə görə həbsə atılmışdıq. Mən azadlıq istədiyimə, digər iki qadın isə sosial hüquqlarını tələb etdiyinə görə kişilər tərəfindən şərlənmişdik.

Sual: Qadınların saxlandığı təcridxanada vəziyyət necədir?

Cavab: Təbii ki, rejimin həbsxanasıdır. Amma, münasibət normaldır. Məişət otaqlarında da davranış yaxşıdır. Yataq dəstləri o qədər də yaxşı deyildi.

XS
SM
MD
LG