Accessibility links

Kiyevdə GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət başçılarının görüşü keçirilir.

Report agentliyinin məlumatına görə, Ukraynanın hökumət başçısı Vladimir Qroysman, Gürcüstanın hökumət başçısı Giorgi Kvirikaşvili, Moldovanın hökumət başçısı Pavel Filip və Azərbaycanın baş nazirinin müavini İsmət Abasovun iştirakı ilə keçirilən görüşdə tərəflər GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafını müzakirə edəcəklər.

İclası giriş sözü ilə açan Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, Ukrayna GUAM çərçivəsində nəqliyyat əməkdaşlığını dərinləşdirəcək. "Sammit zamanı təşkilat çərçivəsində iqtisadi əməkdaşlığa diqqət yetirəcəyik. Bu gün həll etməli olduğumuz məsələlərdən birincisi, şübhəsiz ki, azad yollar, GUAM çərçivəsində qarşılıqlı nəqliyyat əməkdaşlığıdır. Bu gün GUAM çərçivəsində reallaşmamış ticarət əlaqələri var", - deyə o vurğulayıb.

İclasda çıxış edən Azərbaycanın baş nazirinin müavini İsmət Abasov qeyd edib ki, Azərbaycan regionun tranzit mərkəzi olmağa hazırdır və bunun üçün bütün zəruri infrastruktur yaradılıb.

Görüşün yekununda GUAM Azad Ticarət Zonası yaradılması barədə razılığa əlavə protokolun imzalanması gözlənilir. Bu protokol işçi orqanın yaradılması və fəaliyyətini - bu saziş çərçivəsində tərəflərin koordinatorunu, eləcə də GUAM-a üzv ölkələrin dövlət sərhədindən keçən malların və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqqında protokolu müəyyən edəcək.

Görüşdə tərəflər mal və nəqliyyat vasitələrinin GUAM ölkələrin sərhədlərindən keçməklə tranzitinin asanlaşdırılması haqqında sazişin imzalanması üçün hazırlıq məsələlərini müzakirə edəcəklər. Bu saziş isə öz növbəsində, Avropa və Asiya arasında əlaqələndirici mühüm hissəsi kimi GUAM nəqliyyat dəhlizinin inkişafına təkan verəcək.

XS
SM
MD
LG