Accessibility links

GUAM ölkələri Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlib


GUAM hökumət başçılarının sammiti

Martın 27-də Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar quruma üzv ölkələrin hökumət başçılarının sammiti keçirilib.

AZƏRTAC agentliyi bildirir ki, sammitdə GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası geniş müzakirə olunub.

Tədbirdə Azərbaycanın baş nazirinin müavini İsmət Abasov, Ukraynanın baş naziri Vladimir Qroysman, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Moldovanın baş naziri Pavel Filip çıxış edərək, GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılmasının, sabit inkişafın təmin edilməsinin, sosial-iqtisadi, nəqliyyat, energetika, elmi, texniki sahələrdə mövcud olan əlaqələrin intensivləşdirilməsinin və inteqrasiya proseslərinin gücləndirilməsinin önəmini vurğulayıblar.

Azərbaycanın GUAM-a üzv dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirən baş nazirin müavini İsmət Abasov bölgədəki mövcud münaqişələrin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin GUAM-a üzv ölkələrin inkişafına ciddi xələl gətirdiyini diqqətə çatdırıb.

Sammitdə GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri geniş müzakirə edilib. GUAM-a üzv ölkələrin hökumət başçıları arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb.

Ukraynanın Diplomatiya Akademiyasında GUAM - azad ticarət və tranzit zonası mövzusunda biznes forum keçirilib. Biznes forumda GUAM-a üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, biznes dairələrinin əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov Azərbaycanda istehsal olunan məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının GUAM ölkələrinin bazarlarına çıxarılmasının önəmini vurğulayıb, Azərbaycanın bu istiqamətdə istənilən iş birliyinə hazır olduğunu bildirib.

Sammit çərçivəsində GUAM ölkələrinin hökumət başçıları Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşüb.

GUAM biznes forumu

GUAM biznes forumu

Sammitin yekununda GUAM ölkələrinin Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlinib. Üzvlər müvafiq protokolu razılaşdıraraq, imzalayıblar.

GUAM ölkələri onların dövlət sərhədindən keçəcək bəzi məhsul və nəqliyyat vasitələrinə eyni gömrük prosedurlarının tətbiqi barədə protokolu da razılaşdırıblar.

Sammitin yekunu olaraq üzv ölkələr birgə bəyanatla da çıxış ediblər.

Bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib.

GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edir, bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına maneə olduğunu vurğulayır. Qeyd olunur ki, GUAM məkanındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında çözülməlidir və GUAM bu istəqamətdəki səylərini davam etdirəcək.

Bəyanatda GUAM nəqliyyat dəhlizinin inkişafının, GUAM-a üzv ölkələrin iş adamlarının təşkilat ərazisindəki azad ticarət zonasının imkanlarından istifadə etməyə təşviq edilməsinin vacibliyi qeyd olunur.

GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb.

Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilib.

XS
SM
MD
LG