Accessibility links

Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb


Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb

Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb

Azərbaycanda Türkiyə prezidentinin səfərinə ümidlər çoxdur. Həm iqtidar, həm müxalifət, həm də müstəqil politoloqlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişləndirilməsinə tərəfdardır.

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri olub. Cənab Gül həmçinin Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. Avqustun 17-də Türkiyə prezidenti Bakıdan 400 kilometr şimal-qərbdə yerləşən Şəki və Zaqatala rayonlarında olacaq.

Prezidentlərin görüşündə münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Danışıqların yekunu olaraq “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalanıb.

Cənab Gül səfərdən öncə deyib ki, Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün çox mühümdür və bunun önəmini Azərbaycanda bir daha vurğulayacaq. “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmasının zəruriliyini də təkrar edəcəyəm”.

Prezident Gül bildirib ki, dondurulmuş, həmçinin uzunmüddətli münaqişələr birdən-birə böyük problemə çevrilə bilər.

Azərbaycanda Türkiyə prezidentinin səfərinə ümidlər çoxdur. Həm iqtidar, həm müxalifət, həm də müstəqil politoloqlar Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişləndirilməsinə tərəfdardır. Xüsusilə, bu ilin iyununda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə Rusiya prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Ermənistanın mövqeyini müdafiə etməsindən sonra Azərbaycanın Türkiyə və bütövlükdə qərbyönümlü xarici siyasət kursunda ardıcıllıq nümayiş etdirməsi çağırışları çoxalıb. Rusiya ilə Ermənistan arasında bu ölkənin Ermənistandakı hərbi bazasının statusunun genişləndirilməsi ilə bağlı imzalanması nəzərdə tutulan saziş isə Azərbaycanın NATO və Türkiyə ilə hərbi əməkdaşlığının intensivləşdirilməsi ilə bağlı bəyanatları gündəmə gətirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Rusiya-Ermənistan hərbi əməkdaşlığı genişləndirildiyi bir məqamda Azərbaycan da Türkiyə və Amerika ilə hərbi əməkdaşlığı genişləndirməlidir.

İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, Türkiyə prezidentinin səfəri Rusiya-Ermənistan hərbi əməkdaşlığının genişləndirilməsi ilə bağlı deyil. Paralel olaraq o deyir ki, Türkiyə prezidentinin səfəri regionda sabitliyin bərpasında və iqtisadi - ticarət əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Müxalifətdə olan “Müsavat” partiyası Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin 49 ilədək uzadılmasını və hərbi bazalardan Ermənistanın təhlükəsizliyi üçün istifadə edilməsini nəzərdə tutan müqavilə layihəsinə etiraz edir. “Müsavat” başqanı İsa Qəmbər Azərbaycan hökumətini Türkiyə və NATO ilə hərbi əməkdaşlığı genişləndirilməyə çağırır.

Cənab Qəmbər eyni zamanda hesab edir ki, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etməli və PKK-nı terror təşkilatı kimi tanımalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Türkiyənin rolunun artırılması məsələsinə gəlincə, politoloq Elxan Şahinoğlu hesab edir ki, artıq Minsk qrupunun həmsədrlərinə inam itməkdədir.“Belə ki, Rusiya açıqca Ermənistanı hərbi-siyasi cəhətdən dəstəkləyir. Amma münaqişənin həllində Türkiyənin fəaliyyəti də yetərli deyil”.

XS
SM
MD
LG