Accessibility links

Gülər Abbasova: Rasimin ölümündə futbolçuların təpiklərinin və həkimin rolu 50-50-yədir [Audio-müsahibə]


Jurnalsitin sevgilisinin Amerikanın Səsinə müsahibəsi

Avqustun 8-də döyülərək Bakı Klinik Mərkəzində vəfat etmiş jurnalist Rasim Əliyevin sevgilisi Gülər Abbasova Amerikanın Səsinə müsahibəsində istintaqdan, hökumətdən, prezidentdən gözləntilərindən, həkimlərin biganəliyindən və sevgi dünyasından danışıb.

Amerikanın Səsi: Rasim Əliyevin ölümü ilə bağlı istintaqın gedişindən razısınızmı? Bu həbslər sizi razı saldımı?

Çox adam üstünə düşüb deyə ört-basdır etməyə çalışırlar ki, hə yoxlayırıq, axtarırıq, araşdırırıq. Razı deyiləm.

Gülər Abbasova: Hələ başlanğıcdır. Amma razı salmadı. Çünki Cavid Hüseynov tutulub, 3 ay həbs verilib. Maddələri çox yüngüldür. Hüquqşünaslardan eşitdiyimə görə, maksimum üç il həbs ala bilər. O da pul qarşılığında çıxa bilər. Ona bu cinayəti təşkil etmək maddəsi də əlavə olunmalıdır, ağır cinayət maddəsi əlavə olunmalıdır ki, həbsdə çox qala bilsin. İstintaqın gedişindən də razı deyiləm. Çünki soyuq başla yanaşırlar, ciddi yanaşmırlar. Çox adam üstünə düşüb deyə ört-basdır etməyə çalışırlar ki, hə, yoxlayırıq, axtarırıq, araşdırırıq. Razı deyiləm. Bir də kameranın altında Rasimə xəsarətlər yetirilmişdi, döyülmüşdü, yalnız dünən xəbər çıxdı tutulublar. Yəni, üç gün ərzində bir kameradan görüntüləri çıxarıb, onları həbs etmək çətin bir şey deyildi. Amma, dünən tutuldular, onlar da hələ sorğudadır, bilinmir nədir-necədir. Yəni dəqiq məlumat verilmir, ona görə razı deyiləm.

Amerikanın Səsi: Sizin fikrinizcə istintaqın irəli sürdüyü versiyalardan başqa versiyalar da ola bilərmi?

Ola bilər, ona görə. Çünki RATİ-ni dağıtdılar, bağladılar.

Gülər Abbasova: Rasim heç nədən qorxmurdu, hər yerdə, hər qorxulu yerdə qabağa qaçırdı. Ola bilər, onu susdurmaq üçün belə bir şey olsun. Bu nəzərdə tutula bilər. İndi düzdü üstü örtülüdür. Belə bir şeydən şübhələnmək çox da yerində olmaz. Bir də Rasim RATİ-nin (Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu) əməkdaşı olub. Ola bilər, ona görə. Çünki RATİ-ni dağıtdılar, bağladılar. Amma, Rasim demirəm RATİ-də, yenə də ann.az-da işləyirdi. Qorxmurdu, heç nədən çəkinmirdi, hər yerdə status yazırdı, lazım olandan çəkinmirdi. Ola bilsin, susdurmaq üçün olar.

Amerikanın Səsi: Çünki, ona ölümündəın qabaq da xəbərdarlıq yazılmışdı, deyilmişdi. Bununla bağlı nə deyə bilərsiz?

O həmişə mənim yanımda gülürdü. Bir dəfə demişdi, Gülər mən sənə heç zaman dərdimi, problemimi yaşatmaram.

Gülər Abbasova: Mənim Cavid Hüseynovla olan qarşıdurmasından, onun təhdidlərindən xəbərim yox idi. Müsahibəmdə də demişdim. Rasim heç vaxt mənə dərdindən danışmırdı. O həmişə mənim yanımda gülürdü. Bir dəfə demişdi, Gülər, mən sənə heç zaman dərdimi, problemimi yaşatmaram. Cavid Hüseynovla bağlı olan problemini də mənə xəstəxanaya gedən günü zəng etmişdi. Xəstəxanadan şəhər telefonu ilə evlərinə zəng etmişdi açan olmamışdı. Mənə zəng edib dedi. Dedim nə olub? Dedi, heç döyülmüşəm, döyüblər məni, yüngüldür narahat olma. Mən həmin vaxt rayonda idim. Narahat olma yüngül bir şeydir. Mən bimədim qabırğasının sınmasını, sonra dedi. Yoxsa mən durub gələrdim. O dedi yüngüldür, evə gedəcəm. Bir dəfə xəbər ver mama gilə, məni axtarırlar.

Amerikanın Səsi: Anasına xəbər verdiniz?

Rasimin telefonunu aparmışdılar, onu döyən vaxtı.

Gülər Abbasova: Mən onunla danışıb qurtaran kimi anasına xəbər verdim. Dedim "Semaşka"dadır (Bakı Klinik Mərkəzi-red) 4-cü korpusdadır, tez gedin oradadır. Sonra anasının telefonunda problem var idi, anası telefonunu Rasimdə qoyub getmişdi. Rasimin telefonunu aparmışdılar, onu döyən vaxtı. Mən Rasimlə anasının telefonu ilə əlaqə saxlayırdım. Düzdür hər dəqiqə danışa bilmirdik, səsi gedirdi-gəlirdi. Mesaj yazırdıq bir-birimizə, amma saat 12-nin yarısına qədər biz onunla danışmışıq.

Amerikanın Səsi: Hüquq-mühafizə orqanlarına müraciət etmişdimi?

O təhdidlərlə bağlı, hardasa 15-20 gün bundan qabaq "odnoklasnik"də ona təhdidlər olmuşdu.

Gülər Abbasova: Dedi ki, eləmişəm. Müsahibə verib, deyib ki, eləmişəm. Amma, mənə deməmişdi. O, təhdidlərlə bağlı, hardasa 15-20 gün bundan qabaq "odnoklasnik"də ona təhdidlər olmuşdu. Mən mesajdaşırdım həmin vaxtı. Soruşdum, Rasim, nə olub? Qanı qara idi, gördüm yazılarından. Dedi ki, heç nə, bir nəfər mənə yazır təhdid edir. Gülüş işarələri qoydu. O, heç kimdən, heç nədən qorxmurdu heç vaxt. Dedim nə yazır? O mənə hər şeyin üzünü çıxarıb göndərdi. Telefonumda qalıb. Baxdım mən, çox pis qorxdum. Dedi ki, narahat olma. Bundan sonra Daxili İşlər Nazilriyinə, 102 xidmətinə xəbər vermişdi, heç bir xəbər çıxmamışdı.

Amerikanın Səsi: Nə yazmışdılar?

Ona yazmışdılar ki, sən şpionluq edirsən, dövlətin əleyhinə məlumatlar yayırsan, niyə hər şeyi işıqlandırırsan, döyülmüsən-döyülmüsən daha niyə yayırsan, hamıya məlumat verirsən.

Gülər Abbasova: Rasimin döyülməsi var idi. Türkiyədəki olaylarla bağlı Bakıda mitinq olmuşdu. Siz də onu danışdırmışdınız. Həmin döyülmə ilə bağlı, şəkillərini göndərmişdi. Ona yazmışdılar ki, sən "şpion"luq (casusluq-red) edirsən, dövlətin əleyhinə məlumatlar yayırsan, niyə hər şeyi işıqlandırırsan, döyülmüsən-döyülmüsən daha niyə yayırsan, hamıya məlumat verirsən. Rasim demişdi ki, mən burada səhv bir şey etmirəm. Var telefonumda. Mən burada səhv heç bir şey etmirəm, haqqımı tələb etmək üçün etmişəm bunu. Orada onu tənqid etmişdilər, təhqir etmişdilər, söyüşlər söymüşdülər. Rasim onları göndərməmişdi. Mənə deyirdi, Gülər, çox pis söyüşlər

Gülər Abbasova

Gülər Abbasova

söyürlər. Polisi niyə çıxartdırdın işdən? Bir dənə döyülməkdir də, döyüldün qurtardı getdi, ölmədin ki, belə şeylər yazmışdılar. O da çox mülayim cavab verirdi. Rasim ona söyüşlə cavab qaytarmamışdı. Rasim heç kimi incitmirdi, söyüş söymürdü.

Amerikanın Səsi: Sizi istintaqa çağırıblar?

Gülər Abbasova: Yox, çağırmayıblar. Hələ heç bir şey yoxdur.

Amerikanın Səsi: Necə düşünürsünüz, Rasimi xəstəxanada xilas etmək mümkün olardımı?

Vaxtında onu müayinə etməyiblər. Anası nə qədər yalvarıb. Bütün aparatlara salın, nə qədər pul lazımdır verəcəm. Deyiblər salınıb.

Gülər Abbasova: Rasimi futbolçilar döyməyi ilə zədələmişdilər. Futbolçularda da böyük günah var idi. Amma anasının dünən müsahibəsinə baxdım, o dedi ki, 50 faiz döyənlərdə, 50 faiz həkimdə günah olub. Mən sonra həkim haqqında oxudum. Həkim başqa xəstələri də öldürüb, elə müalicə edib. Elə əməliyyat edib, ağ ciyərindən ölüb deyə başqasını da elə bədbəxt eləmişdi. Mənim bacım tibb bacısıdır, onun başı çıxır, ona Rasimin məlumatlarını yazdım. O dedi ki, Gülər heç vaxt ağ ciyərdən ölmürlər. Bir dənə vərəmdə ola bilər, o da ağ ciyəri parçalayır. Qalan heç bir vaxt. Həkim yazmışdı Rasimin ağ ciyərinin bir tərəfindən qan, bir tərəfindən hava gəlirdi. Bacım dedi ki, ona sinəsindən iki tərəfdən şlanq (rezin boru-red) taxırlar, onların ikisi də boşalır və ağ ciyər fəaliyyətini davam etdirir. Ağ ciyər parçalanmamışdı, bir şey olmamışdı, ağ ciyərdən qan, hava gəlməklə insan ölə bilməz. Həkim amma deyir, ağ ciyərindən ölüb. Onun dalağı partlayıb, Rasim mənimlə danışanda dedi ki, iki dənə ağrı kəsici iynə vurublar. O, ağrılarını hiss etmirdi. Sonradan mən onun müsahibəsinə baxanda (o həmişə ağrıyanda dodağını dişləyirdi, bir də gözünü yumurdu) öldüm-dirildim, o qədər ağrı keçirirmiş! Amma ona o qədər ağrıkəsici veriblər, yalandan aldadıblar ki, qabırğaların sınıb, 3-4 gün xəstəxanada yat düzələcək. Amma onun içəridə dalağı partlayıbmış, ya da partlamaq ərəfəsindəymiş. Bir neçə saat ərzidnə dalaq partlayıb, içində qanaxması olub. Həkim yazmışdı, deyir əməliyyat olanda baxdıq içində litr yarım qan var idi. O litr yarım qanın bir hissəsini qaytarıb qan köçürdük və əlavə qan da köçürdük. Rasim qanaxmadan ölüb. O, çox zəif idi, həm fizki, həm də qanı az ola bilərdi.

Vaxtında onu müayinə etməyiblər. Anası nə qədər yalvarıb. Bütün aparatlara salın, nə qədər pul lazımdır verəcəm. Deyiblər salınıb. Mənimlə danışanda da dedi ki, Gülər sol qulağımda problem var, eşitmirəm. Müsahibəsində də demişdi. Amma deyiblər həkim sabah gələcək, sol qulağını sabah yoxlayarıq. Yoxlayarıq nə deməkdir, bu adamın qulağı eşitmir.

Amerikanın Səsi: Axırıncı dəfə Rasimlə nə vaxt danışdınız?

Anası üç dəfə yanına girib, deyir ki, özündə deyildi, amma nəfəs alırdı. Əməliyyatdan sonra sağ olub

Gülər Abbasova: Bunu da deyim, xüsusi qeyd edin xahiş edirəm. Həkim orada deyir ki, Rasim saat 7-yə qalmış xəstəxanaya gəlib. Rasim saat 6-ya 15 dəqiqə qalmış xəstəxanadan mənə başqa bir həkimin telefonu ilə zəng etdi. O, xəstəxanaya 6-ya qalmış girib, 7-yə qalmış girməyib. Həmin həkimin nömrəsi var, oninla da əlaqə saxlaya bilərlər. Saat 6-ya qalmış xəstəxanada ayaq üstə olub, koridorda gəzib. Həkimdən xahiş edib ki, döyülmüşəm, telefonumu götürüblər, telefonunu ver evə zəng edim. O da telefonunu verib mənə zəng edib. Mən də maması gilə xəbər vermişəm. Qulağında ağrıları var idi, əziyyət çəkirdi deyə tez-tez yığmırdım. Yarım saatdan bir onunla danışırdım. Həkim yazıb ki, saat 8-də əməliyyata alınıb. Saat 9-a 6 dəqiqə işləmiş mən Rasimlə telefonla danışmışam. 8-in yarısı, bir də 9-a 6 dəqiqə işləmiş. 6 dəqiqəyə heç bir əməliyyat ola bilməz. Bu necə cəfəngiyatdır ki, mən onunla 8-in yarısı və 9-a 6 dəqiqə işləmiş danışmışam. Amma həkim deyir əməliyyatda olub. Boş şeydir. Mən onun iş yoldaşlarına, Mehman Hüseynova, Fəridəyə zəng etdim, sonra Meydan TV-də Aytac var, ona zəng etdim. Onlar gəldilər. Saat 1 tamama kimi onun yanında adam olub. Sonra Mehman Hüseynov çıxanda Rasim deyib mənə kontur al evə zəng etməliyəm. Mehman gedib kontur alıb, onunla mən danışmışam. Sonra da dostuna zəng ediblər (Cavid Hüseynovun adamları nəzərdə tutulur-red ) deyiblər gəl telefonunu və kaşilokunu götür. Dostu gedib sirkin yanında bir saat gözləyib, onlara nə zəng çatıb, nə də kaşilokunu və telefonunu gətirməyiblər. Saat 2-yə qalmış Mehman deyir ki, zəng ediblər ki, artıq əməliyyata götürürük halı pisləşib. Amma Mehman Rasimin yanından çıxanda vəziyyəti çox yaxşı olub. Hətta, deyir danışdıq-güldük, zarafat etdik. Sadəcə ona iki ağrı kəsici veriblər ağrıları hiss etməyib. Ağrıkəsicinin vaxtı bitən kimi ağrını hiss edib, tibb bacısına xəbər verib, tibb bacısı həkimi çağırıb, tez aparıblar əməliyyata. Anasına da həkim zəng edib ki, tez özünüzü çatdırın, Rasimin vəziyyəti pisləşib, əməliyyata götürürük. Anası xəstəxanaya gələndə deyiblər ki, əməliyyatdan çıxıb, yaxşı deyil, reanimasiyadadır. Anası üç dəfə yanına girib, deyir ki, özündə deyildi, amma nəfəs alırdı. Əməliyyatdan sonra sağ olub. Amma ona vaxtında müdaxilə olunmayıb, yoxlanmayıb vaxtında, onu başdangetdi, yalandan yola veriblər.

Amerikanın Səsi: İstintaqa, hökumətə, ictimaiyyətə sözünüz?

Yəni, ədalətlə araşdırılacaq deyəndə, Elmar Hüseynov öldürüləndə mən uşaq idim. Oturub ondan ötrü hər gün ağlayırdım. Hər gün söz verirdilər tapılacaq-tapılacaq. Neçə illər keçib, heç bir xəbər yoxdur. Rasim həmişə onlardan danışırdı. Elmar Hüseynovdan, Rafiq Tağıdan həmişə danışırdı.

Gülər Abbasova: Hökumətə sözüm yoxdur. Hökumətdən ədalətli bir şey gözləmirəm. Dünən Əflatun Amaşovun çıxışına baxdım. Jurnalistlərin suallarına heç düz-əməlli cavab verə bilmirdi. Yəni, ədalətlə araşdırılacaq deyəndə, Elmar Hüseynov öldürüləndə mən uşaq idim. Oturub ondan ötrü hər gün ağlayırdım. Hər gün söz verirdilər tapılacaq-tapılacaq. Neçə illər keçib, heç bir xəbər yoxdur. Rasim həmişə onlardan danışırdı. Elmar Hüseynovdan, Rafiq Tağıdan həmişə danışırdı. Hökumətdən bir şey gözləmirəm. İstintaqdan da bir şey gözləmirəm. Çünki, RATİ-nin başına gələnlər, digər QHT-lərin başına gələnlər, hər şeyi hökumət etdi. Amma, nə bilim, bəlkə, bəlkə, bəlkə bir az İlham Əliyev o videolara baxsa, o çəkdikləriniz ağılara baxsa, bəlkə insaflı ola, bilmirəm. Amma, Rasimin ölümündə 50 faiz o futbolçuların təpiklərinin, 50 faiz də həkimin rolu oldu. Rasim bəlkə də dözərdi, onlar vaxtında baxmadılar.

Hökumətə sözüm, nə bilim, balalarının öləcəyini, ölümünü düşünsünlər. O qəbirsanlığa balalarının qoyulmasını düşünsünlər. Təsəvvür etsinlər sadəcə, başlarına gəlsinmi, gəlməsinmi deyimmi bilmirəm. Yanğıdan qarğış edirəm. Amma, heç olmasa balalarını, evlənməmiş uşaqlarını düşünsünlər. Rasimin toyu olacaqdı yaxınlarda, biz düşünürdük ki, payızda nişan edərik, ardınca da toy. Rasimin qəbrinin üstündə çəkilmiş fotom məni yandırır. Mənim onunla nişan şəklim çəkilməli idi.

Heç olmasa subay balalrını fikirləşsinlər. Millət bu qədər əziyyət çəkir. Ona görə ciddi araşdırsınlar. Heç olmasa onu döyənlərə, həkimlərinə azı 10-15 il iş verilsin ki, atasının, anasının, mənim ahım yerdə qalmasın. Bilək ki, onlar da əzabını çəkdilər.

Heç olmasa onu döyənlərə, həkimlərinə azı 10-15 il iş verilsin ki, atasının, anasının, mənim ahım yerdə qalmasın. Bilək ki, onlar da əzabını çəkdilər.

O gün oxudum ki, Fazil Mustafa deyib ki, o jurnalistin peşə savadı kifayət qədər deyildi. Rasim həddindən artıq ağıllı oğlan idi, həddindən artıq savadlı idi. O hər bir şeyi izləyirdi, məlumatı var idi. O işinin peşəkarı idi. Rasimi tanımır, ağzına gələni danışmasın, deutatdı, kimdi, fərq eləmir mənim üçün.

Amerikanın Səsi: Bundan sonra həyatınızı necə quracaqsınız?

Mən Rasimdən başqa heç nə düşünmürəm. Rasimin paltarlarını evimə aparmışam.

Gülər Abbasova: Bilmirəm... Mən Rasimdən başqa heç nə düşünmürəm. Rasimin paltarlarını evimə aparmışam. Gecəni onunla yatıram. Qapıdan çıxa bilmirəm, onun paltarını qucaqlayıb çıxıram. Bu eynək Rasimindir, maşınından götürmüşəm. Kolası var idi, maşınından götürmüşəm. Dəvətnaməmiz var idi, avqustun 23-də Rəsul Cəfərovun qardaşının toyuna gedəcəkdik. Ayın 30-u mənim rəfiqəmin toyuna gedəcəkdik, ikimizi də çağırmışdı.

Mən həmişə Rasimə deyirdim ölüdən qorxuram. O mənə gülürdü ki, ölüdü də, o da insandır. Mən Rasimi qucaqlayıb apardım qəbiristanlığa. Mən onun meyit maşınında getdim. Mən onun bədənini hiss etdim, əlini axtardım tapdım. Qorxmadım, heç nədən qorxmadım, Rasim basdırılanda orada oldum, onun nə cür basdırıldığı gözümün önündən getmir. Allah rəhmət eləsin deyənlərə, sadəcə sağ olun deyə bilirəm. Amin deyə bilmirəm, öz dilimdən gəlmir ona allah rəhmət eləsin deməyə. Çünki Rasim ölməkdən heç vaxt danışmazdı, heç vaxt. Bir dənə ölüm sözü gələndə ağzımın üstündən əli ilə vururdu ki, heç vaxt ölümdən danışma Gülər. Ölmək vaxtı deyil, hələ biz cavanıq Gülər. Həmişə elə deyirdi.

XS
SM
MD
LG