Accessibility links

Gülər Əhmədova: Heç kimdən pul almamışam [Məhkəmədən reportaj]


Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)

Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)

Keçmiş millət vəkilinin məhkəməsi başlayıb

Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmə baxışında dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib.

İttiham aktına görə, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Hakimin ona verilmiş ittihamla özünü təqsirli bilib-bilməməsi ilə bağlı sualına cavabda keçmiş deputata deyib ki, özünü qətiyyən təqsirli bilmir.

Daha sonra G. Əhmədova sərbəst ifadə verib. O, deyib ki, KİV-də yazılanlardan iki gün sonra deputat mandatından imtina barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

“Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addım kimi nəzərə almadı. Bu demokratiyanın təntənəsi idi. Lakin media bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm”.

G.Əhmədova bir daha ittiham olunduğu Cinayət Məcəlləsinin maddələri üzrə özünü təqsirli hesab etmədiyini bildirib və əlavə edib ki, onun Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə görüşməsinin məqsədi universitet tələbələrinin problemləri ilə bağlı olub.

“Mən heç kimdən pul almamışam və heç kimlə mandat alveri etməmişəm. Həmin videoya mən də baxmışam, onlar montaj olunub”, o bildirib

Videoların gizli çəkildiyi üçün videogörüntülərin sübut kimi istintaqa əlavə edilməsinin konstitusiyaya zidd olduğunu bildirib.

Daha sonra G.Əhmədova Sevinc Babayeva ilə Elşad Abdullayevin çox yaxın olduqlarını deyib. Sevinc Babayeva ilə heç bir yaxın münasibətlərinin olmadığını qeyd edib.

Burada Gülər Əhmədova özünü yaxşı hiss etmədiyindən oktyabrın 31-dək təxirə salınıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. 2013-cü il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG