Accessibility links

Rüşvət sövdələşməsi videoda [Video]


Deputat yeri uğrunda rüşvət sövdələşməsi
please wait

No media source currently available

0:00 0:16:30 0:00

Deputat yeri uğrunda rüşvət sövdələşməsi

Hakim partiyanın deputatı Gülər Əhmədova parlament yeri üçün 500 000 manat tələb edir

Sosial şəbəkələrdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Milli Məclisin deputatı Gülər Əhmədova ilə sövdələşmə aparması barədə videonun yayılması ilə ölkədə siyasi həyatda gur bir canlanma başlayıb. Ölkənin əksər KİV-ləri bu mövzu ətrafında yazılar, şərhlər dərc etməkdədir.

Videoda söhbət Elşad Abdullayevin deputat seçilməsi üçün ödəməli olduğu rüşvətin məbləğindən gedir. Kadrlarda Sevinc və ya Seva deyə çağırdıqları bir qadın da var. O, sövdələşmədə vasitəçi rolunu oynayır və arada bir qiymət barədə söhbətə qarışır.

Videoçarxda Elşad Abdullayev deyilən şərtlə razılaşdığını bildirir və Sevinc xanım vasitəsi ilə “deputat seçilməsi” üçün ilkin olaraq 500 min (manat və ya dollar olduğu deyilmir) göndərdiyini deyir. Lakin o deyirlər ki, daha 500 min vermək lazımdır. Bu əvvəlki qiymət olub. Hazırda seçkilərə 7 gün qalıb və qiymət dəyişib (Söhbət 2005-ci il parlament seçkilərindən gedir-red).

“Mənim 40 yaşım var və mən belə “razborkalarda” çoxdan iştirak edirəm. Oğurlanmış qardaşını iki ildir ki, tapa bilmirsən, amma mən onu iki aya tapdım. Siyasətdə davranış qaydaları var. Sən onları dəyişməməlisən. Əgər nə barədəsə razılaşma əldə edirəmsə, öz üzərimə hansısa öhdəliyi götürürəmsə onları yerinə yetirirəm. 500 min manat da ver”, - videoda Gülər Əhmədova deyə çağırılan xanım rektora bildirir.

Rektor buna cavab olaraq deyir ki, əgər onu parlamentin dövlət quruculuğu və hüquq siyasəti daimi komitəsinə sədr “seçsələr”, 500 min də verməyə razıdır.

Qadın bildirir ki, komitənin rəhbəri Əli Hüseynovdur və onu heç kim dəyişməyəcək.

“Sən mənimlə necə alver edə bilərsən? Mən prezident İlham Əliyevin tərtib etdiyi siyahını pozub oraya səni daxil etmişəm, sən bunu başa düşmürsən?”, - o hiddətlənir.

Ona təklifin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gəlməsi və bütün şərtləri yerinə yetirməsi ilə bağlı rektorun şikayətinə cavab olaraq qadın bildirir ki, o, Mehdiyevlə işləmir, Aqillə (başa düşülmür kimdən söhbət gedir) işləyir. Rektor da deyir ki, iki dəfə Aqilə pul verib, lakin parlamentə seçilməyib və üçüncü dəfə də pis vəziyyətə düşmək istəmir.

Öz növbəsində millət vəkili Gülər Əhmədova isə APA agentliyinə açıqlamasında yayılmış video görüntüyə münasibət bildirib: “ Elşad Abdullayev Fransada siyasi mühacir kimi status almaq istəyir. Bu adam əvvəldən bilirdi ki, onun rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı mənə kifayət qədər müraciət edənlər var. Məndə olan materialların da çoxluğundan xəbərdar idi. Bu səbəbdən onun bu hərəkəti etməsindən təəccüblənmədim”.

G. Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra da yaşayıb: “ Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur”.

Deputat deyib ki, onun Elşad Abdullayevə bəzi sualları da var: “Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”

G. Əhmədova video görüntünü sosial şəbəkələrdə müzakirə edənlərə də mesajının olduğunu deyib: “ Sosial şəbəkələrdə özlərini həddindən artıq aktiv aparanlara bir ismarışım da var. Zamanında özünü “Xədicənin bacıları” kimi təqdim edənlərə xitab etmək istəyirəm. Onlar indi “şok oldum”, “halım dəyişdi” kimi fikirlər səsləndirirlər. Burada şok olmalı bir hal yoxdur. Bu video görüntü başdan ayağa qədər montajdır. Bu ölkədə Elşad Abdullayevin hansı rəzilliklərlə məşğul olduğunu bilməyən yoxdur. Ona görə də Elşad Abdullayev kiminlə düşmənçilik edirsə, əksinə, həmin adama dəstək vermək lazımdır”.

G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: “Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bəlkə də bu adamla rastlaşanlar bilirlər ki, bu hansı xislətdə adam olub. Dünən köməkçim dedi ki, bu xəbəri ilk yayan “azpolitika” saytı da video görüntünün montaj olduğunu yazıb. Açığı, əvvəldən axıra qədər həmin görüntüyə baxmamışam. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi. Həm də özünü “süddən çıxan ağ qaşıq” kimi göstərən mətbuat orqanlarını izləmişəm. Hamı nədənsə özü haqqında olanları unudur. Çalışırlar ki, belə vəziyyətdə özlərini İsa peyğəmbər, Müqəddəs Məryəm kimi göstərsinlər. Hər halda hamı bir-birini yaxşı tanıyır və bilir ki, kim-kimdir”.

Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: “Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir”.

G.Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E. Abdullayevlə bağlı materialları göndərdiyini deyib.

Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: “Mənə heç kim heç nə deməyib”.

Hadisə ilə bağlı nə prokurorluq orqanlarından, nə Prezident Administrasiyasından şərh almaq mümkün olmayıb.

Gülər Əhmədova Respublika Uşaq Təşkilatına rəhbərlik edir. Hakim “Yeni Azərbaycan” Partiyasının üzvüdür. “Mərkəz” qəzetinin təsisçisidir.

Elşad Abdullayev fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru olub. O vaxtaşırı hakim elita və onun rəhbərləri ilə bağlı rəsmi qəzetlərdə böyük həcmli tərif dolu məqalələrlə çıxış edib. Universitetin fəaliyyəti dayandırıldıqdan sonra Fransaya mühacirətə gedib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG