Accessibility links

Vəkil: Gülər Əhmədova özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi


Gülər Əhmədova

Gülər Əhmədova

Gülər Əhmədova özünü günahkar saymır

Səbayel rayon məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Bu barədə vəkil Eldar Qədimi Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində narahatlıqlar olsa da məhkəmədə özünü yaxşı aparıb.

“Səhhətində problemlər həmişə var. Nə etməliyik, dözməliyik. Özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi”.

Vəkil deyib ki, Gülər Əhmədova məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla özünü günahkar saymadığını bildirib.

“İstintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq getdiyindən bir söz deyə bilmərik. İstintaq hərəkətləri tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilməsi düzgün deyil”.

Bununla yanaşı vəkil geniş müsahibə verməkdən imtina edib. Söhbət zamanı dəfələrlə
müsahibə verməyəcəyini bildirib. “Mənə deyiblər ki, müsahibə vermə, mən də müsahibə vermirəm”, o qeyd edib.

Vəkillə söhbət sona çatmamış o telefonunu qapadıb.

Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (Külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində fevralın 13-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı mediada yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

Bununla yanaşı, Gülər Əhmədova Sevinc Babayevanın Türkiyədə Məryəm Solmaz adı
ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib, həmin müddətdə onun Türkiyədə yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub. Gülər Əhmədova bu ağır cinayəti istintaqdan gizlədib.
XS
SM
MD
LG