Accessibility links

Gülər Əhmədova həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir


Gülər Əhmədova
Gülər Əhmədova

O Səbayel məhkəməsinə şikayət verib

Sabiq millət vəkili Gülər Əhmədovanın barəsində həbs qətimkan tədbiri ilə bağlı Səbayel Rayon Məhkəməsindən verilən apellyasiya şikayəti hakim Rizvan Səfərovun icraatına verilib. Bakı Apellyasiya Məhkəməsinin məlumatına görə, hələlik apellyasiya şikayətinə nə zaman baxılacağı məlum deyil.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fevralın 19-da Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova ilə görüşən vəkil Eldar Qədimi müdafiə etdiyi şəxsin səhhətində problemlərin qaldığını deyib. Vəkilin sözlərinə görə ürəyində yaranan ağrılar artıb.

Öz növbəsində Ombudsman aparatının məlumatına görə, dünən aparatın nümayəndələri İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kamerada G.Əhmədova ilə görüşüblər. O, saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı narazılıq etməyib, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şəraitin yaradıldığını deyib.

Söhbət zamanı tibb hissəsinin rəisi bildirib ki, G.Əhmədovanın səhhəti ilə bağlı qaldırdığı məsələlər araşdırılır və tibbi müayinədən keçirilməsi məqsədilə tibb-sanitar hissədə saxlanılır. İlkin rəyə görə, onun səhhətində hər hansı bir ciddi problem yoxdur, hazırda müayinələr davam edir.
XS
SM
MD
LG