Accessibility links

Sevinc Babayevanı kim zəhərləyib?


Sevinc Babayeva
Sevinc Babayeva

Şahidlər Sevinc Babayevin zəhərlənməsindən danışıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Noyabrın 7-də keçirilən iclas şahid ifadələri ilə davam etdirilib.

Şahidlər əsasən Sevinc Babayevanın ölkədən çıxarılması və ölümü ətrafında ifadə verib. Şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva çıxış edib.

O, bildirib ki, 2012-ci ilin yay aylarında bacısı gilə gedib.

"Mən onlarda olarkən bacım qızı Sevinc gəldi. Sevinc bildirdi ki, zəhərlənib. Biz onu bir neçə xəstəxanaya aparsaq da, qəbul etmədilər. Bildirdilər ki, onların xəstəsi deyil. Sonra biz onu "Semaşko"ya (Bakı şəhər Klinik Mərkəz-red) apardıq, orada xəstə kimi qeydiyyata aldılar. Səhəri günü Sevinc mənə zəng etdi və təcili xəstəxanadan çıxarılmasını istədi. Mən dedim ki, xəstəsən, müalicə olunmalısan. Sevinc israrla dedi ki, burada qalsa, onu öldürəcəklər. Şöbə müdirinə bu məsələni danışdım, o dedi ki, Sevinc Babayeva ağır xəstədir, xəstəxanadan çıxarmaq olmaz. Lakin Sevincin israrı ilə onu xəstəxanadan çıxardıq. Bir tanışımın vasitəsi ilə Gömrük xəstəxanasına apardıq və orada yerləşdirdik. Gömrük Xəstəxanasında bir həftə müalicəsini davam etdirdik".

Z.Cəbiyeva qeyd edib ki, bacısı qızı "Sultan" restoranında Gülər Əhmədova ilə nahar edib.

“Sevinc dedi ki, həmin restoranda olarkən toyuq əti yemək istəyib. Toyuqdan bir tikə ağzına qoyanda acı olduğunu hiss edib. Həmin tikəni yerə tüpürmək istəyib, amma utanıb tüpürməyib, məcbur olub udub. Mən dedim ki, gərək tüpürərdin, həmin toyuqda zəhər ola bilərdi”.

Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona kompozitor (yüksək vəzifəli dövlət məmuru nəzərdə tutulur - red) vəzifə verəcək. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.

Öz növbəsində Gülər Əhmədova Sevinc Babayevanın xalasının dediklərinin yalan olduğunu və dəfələrlə Sevinc Babayeva kömək etdiyini deyib.

Gülər Əhmədova Sevinc Babayevanı Türkiyəyə yollamadığını bildirib.

Daha sonra Sevinc Babayevanın bacısı Təranə Səfərova ifadə verib.

O bildirib ki, 2011-ci ilin yayında bacısı Sevinc Gülər Əhmədova ilə eyni tədbirdə olub. Tədbirdən sonra Sevincin vəziyyəti pisləşib. Daha sonra tanışları vasitəsilə onu Gömrük Xəstəxanasına aparıblar.

“Orada Qalib adlı bir həkim dedi ki, bacını zəhərləyiblər. 6 ay ömrü var. Daha sonra orada müalicə aldı. Vəziyyəti bir az yaxşılaşdı. Ayın 26-da Sevinc mənə dedi ki, Bakıda qala bilmərəm, Türkiyəyə getməliyəm. Gedərkən anama Gülərin nömrəsini verdim. Səhəri gün anam Gülərə zəng etdi. Gülər ona dedi ki, narahat olma o qayıdacaq. Bacım elə bil türmədə idi. Biz skyp-la Gülərlə danışmaq üçün idman kompleksinə getdik. Gülər dedi ki, Seva pulu Ramiz Mehdiyevə vermişəm. Ramiz Mehdiyev də prezidentin bağında danışıb. Məsələ həll olunacaq. Səhər Sevincin vəziyyəti pisləşdi. Cərrahpaşa klinikası pasportu olmadığı üçün onu qəbul etmədi. 3 gün sonra skyp-la yenidən danışdıq. Gülər dedi ki, narahat olma, sənin kabinetini Kəmaləddinin yanında danışmışıq. Bir az gözlə hər şey yaxşı olacaq. Hələ də bilmirəm ki, bacım son ana qədər Gülərə niyə inanırdı”.

Sevincin bacısı onu da bildirib ki, Gülər Əhmədova ondan bacısı Sevinc Babayevanın Türkiyəyə öz xoşu ilə getməsi barədə ərizə yazdığını deyib.

Bundan sonra vəkil, prokuror və Gülər Əhmədova şahidə suallar verib.
Gülər Əhmədova məhkəməyə verilən ifadələrin yalan olduğunu və Elşad Abdullayev tərəfindən şahidlərin öyrədildiyini deyib.

Daha sonra Təranə Səfərova Gülərə “onu sən zəhərləmisən” və “Türkiyəyə sən göndərmisən” deyə onu ittiham edib.

Proses davam edir.
XS
SM
MD
LG