Accessibility links

Gülər Əhmədova 3 il azadlıqdan məhrum edilib (yenilənib)


Gülər Əhmədova

Gülər Əhmədova

Bakı Ağır Cinayətlər Məhkəməsi günün ikinci yarısında Gülər Əhmədovanın 3 il azadlıqdan məhrum edilməsi barədə hölm çıxarıb.

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA agentliyinin məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədova son söz deyib.

O, cinayət işinin materiallarına Sevinc Babayevanın ona yazdığı yeddi mesajın, Elşad Abdullayevdən zərərçəkən şəxslərin hazırladığı video materialların daxil edilmədiyini bildirib:

“Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığı da cinayət işinə əlavə edilməyib. Həmin danışıqda Elşad Abdullayev Sevinc Babayevaya deyib ki, pulu Gülərə yox, Sevincə verib. Bunlar vaxtında araşdırılsaydı, mən həbsdə oturmazdım. Elşad Abdullayev böyük yalan danışır. Elşad deyir ki, etibarından sui-istifadə edib, pulunu alıblar. Hansı etibardan söhbət gedir? Elşadla qohumluğumuz yoxdur. Bu adam heç öz qayınatasına etibar etmir. Onun universitetində deputatlar dərs deyirdi. Birindən soruşardı ki, Gülər bu işlə məşğul olur, yoxsa yox? Elşad mənə zəng edib desəydi ki, “səndə mənim pulum var”, bunu yazıb internetə verərdi. Bu adam çox yaxın olduğu Sevinclə danışdığı hər şeyi çəkib internetə qoyub. Sevinc məni aldadıb Türkiyəyə gedib. O, Türkiyəyə gedəndə mənə bildirdi ki, Elşadgildən qorxur. Sonradan bildim ki, Sevinc Elşadla olan videoda aktrisalıq edib. Bundan sonra ondan tələb elədim ki, Azərbaycana qayıtsın. Mən normal Azərbaycan qadını kimi hərəkət etdim. Sevinc mənə dedi ki, infarktam qoy gedim Türkiyəyə müalicə olunum. Mən də inandım. Mən şərlənmiş və aldanmış qadınam. Mənim günahım insanlara inanmağımdır. Mən özümə güvənirdim. Elə bilirdim ki, məni heç kim aldatmaz. Mənim ifadəmi kontekstdən çıxartmaq lazım deyil, olduğu kimi oxumaq lazımdır. Mən demişəm ki, Elşadla aramızda heç bir pul söhbətimiz olmayıb. Mən camaatın içində hörmətlə gəzib dolaşan adam olmuşam. Qazaxda məni biabır etdilər. Mən hər şeydən əvvəl Azərbaycan qadınıyam. 36 saat ac-susuz saxlanılandan sonra mənə dedilər ki, yazın ki, yorulmuşam, bezmişəm, Elşada pulu qaytarmağı düşünərəm. Mən də yazdım. Mən bir il əvvəl başa düşdüm ki, demokratiyanın nə olduğunu bilmirəm. Mən sivil addım atıb, istefa verdim. Bundan sonra basqılar birə on artdı. Belə başa düşürəm ki, Azərbaycanda demokratiyanı başa düşən dörd beş adam var. Bu gün də deyirlər ki, siz bu addımla günahınızı boynunuza almış oldunuz. Biz nə qədər zavallı insanlarıq. Quran gətirin əl basım ki, mən dələduz deyiləm və Elşadın pulu məndə deyil. Bəlkə jurnalistlər bunu axtarıb tapa bilməyəcəklər. Amma tarix hər şeyi tapacaq. Mən dələduz olsaydım, üç dəfə deputat seçilməzdim. Mən heç vaxt imkan verməyəcəyəm ki, kimsə sabah mənim övladlarıma desin ki, bunların anası satqının, dələduzun biri idi. Əvvəldən dediyimi sona qədər deyəcəyəm. Elşadın videosu saxta və quramadır”.
Teleqraf.com saytının məlumatına görə isə Gülər Əhmədova çıxışının sonunda prezident İlham Əliyevə müraciət edib.

“Cənab prezident, mən dələduz deyiləm. Sizin bildiyiniz, tanıdığınız adamam. İnsan bir günün içində dəyişə bilməz. Mən Heydər Əliyevin siyasi kursunu dəstəkləmişəm, bu gün də dəmir barmaqlıqlar arasında dəstəkləyirəm. Əminəm ki, günahsızlığım sübut olunacaq. Mənim barəmdə qərar verərkən, mərhəmətli olun. Səhhətimi nəzərə alın. Ən böyük arzum ailəmin yanında olmaqdı. Azyaşlı övladım var, istəmirəm ki, o, anasız yaşasın. Sevinc Babayevanın taleyini yaşamaq istəmirəm”, o qeyd edib.
Günün ikinci yarısında məhkəmə prosesində hökm olacağı gözlənilir.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Dövlət ittihamçısı məhkəmədən Əhmədovaya 4 il həbs istəyib.
XS
SM
MD
LG