Accessibility links

Özbəkistan prezidenti İslam Kərimovun qlamur həyat tərzi sürən 41 yaşlı böyük qızı Gülnara Kərimovanın atasını hakimiyyətdə əvəz etmək arzuları qarşısında belə görünür daha ciddi əngəllər yaranır.

Moda və məşhurlar aləmindən ayrılmağa məcbur olan Gülnara Kərimova son həftələr özünə qarşı kampaniya ilə bağlı açıqlamalar verərək, Tvitter-dən ictimai dəstək almaq üçün istifadə edir.

Noyabrın 4-də o öz Tvitter hesabında Özbəkistanın Milli Təhlükəsizlik xidmətini ona mane olmaqda ittiham edib.

YouTube sosial şəbəkəsində isə Daşkənddə bir mağazada üzü göstərilməyən bir şəxsin hüquq-mühafizə orqanlarının keçirdiyi gözlənilməz yoxlamaya etiraz etdiyi göstərilən video yerləşdirilib. Müşahidəçilər və videonu izləyənlərin böyük hissəsi 44 dəqiqəlik çəkiliş zamanı kadr arxasında eşidilən səsin Gülnara Kərimovaya aid olduğunu düşünür.


Sosial mediada bu yaxınlaradək ölkəni dəmir əllə idarə edən Özbəkistan prezidenti İslam Kərimovun varisi olacağı gözlənilən Gülnaranın birdən birə gözdən düşməsi məsələsi ətrafında geniş müzakirələr aparılır. Kütləvi informasiya vasitələrində prezident Kərimovun qızının həyat tərzindən bezərək onu döydüyü haqda xəbərlər yayılıb. Gülnara Kərimovanın getdikcə maddi imkanlarından məhrum olduğu deyilir.

Keçən həftə Özbəkistan rəsmiləri Gülnara Kərimovanın təsis etdiyi bir sıra təşkilatlar, tele-radio kanallar və onun dəbdəbəli həyat tərzini tərənnüm edən veb saytların daxil olduğu xeyriyyə fondunu bağlayıb. Verilən məlumatlara görə, fondun bank hesabları dondurulub və onun işçiləri təhlükəsizlik xidməti tərəfindən sorğu-suala tutulub. Veb saytlarda onun maliyyəsinin demək olar tükəndiyi haqda məlumatlar verilir. Eyni zamanda, Gülnara Kərimovanın media məsələləri üzrə yardımçısı, onun "sağ əli" adlandırılan Firdavs Abdulxaliqov, oktyabrın əvvəli isə onun etibar etdiyi ən yaxın adamlardan biri, yaxın qohumu Akbarali Abdullayev həbs ediliblər. Gülnara Kərimovanın adı İsveç, İsveçrə, Fransa və Latviyada çirkli pulların yuyulması ilə əlaqədar cinayət işlərində hallanır.

BMT diplomatı və oliqarxdan tutmuş, moda dizayneri, müğənni, şou ustası kimi müxtəlif ampluada çıxış edən Gülnara Kərimova bir zamanlar “Özbəkistanın şahzadəsi” adlandırılırdı. O təkcə Özbəkistan deyil, Mərkəzi Asiyada böyük mədəni tədbir kimi təqdim etdiyi “Style.uz” mədəniyyət həftəsinin təsisçi olaraq dünyanın ən məşhur moda, sənət və kino ustalarının ətrafında olmağı sevirdi. Bu il Mədəniyyət Həftəsinə dəvət edilmiş Belçika müğənnisi Lara Fabian hüquq-müdafiəçilərinin Özbəkistanda insan haqlarının vəziyyəti il bağlı bəyanatına görə tədbirdə iştirakını təxirə salmışdı. İnsan hüquqları təşkilatları illərdir Özbəksitanda insan haqlarının durumunu kəskin tənqid edərək, fundamental azadlıqların pozulması ilə bağlı narahatlığını bildirir.

Özbəkistan prezidentinin ailəsində baş verən hadisələr ölkənin özündə dövlətin nəzarətində olan media tərəfindən geniş işıqlandırılmasa da, Gülnara Kərimova ətrafında qalmaqal sosial mediada geniş izlənir və müzakirə edilir. Amerikanın Səsinin özbək şöbəsinin əməkdaşı Novbahor İmamovanın bildirdiyinə görə, adının çəkilməsini istəməyən mənbələr ona bildirib ki, qızının daim medianın diqqət mərkəzində olmasından getdikcə yorulmuş prezident Kərimov çox güman qızı ilə bağlı təhqiqatın aparılması haqda özü sərəncam verib. Mənbələrə əsasən, İslam Kərimov 2015-ci ildə prezident seçkilərinin uzaq olmadığı bir vaxt hələ də ölkənin nəzarətini öz əlində saxlayır və hazırkı vəziyyətdən hökumətdə “təmizləmə işləri” aparmaq üçün istifadə edə bilər.

XS
SM
MD
LG