Accessibility links

Günəşli yatağında yanğın davam edir - 32 nəfər xilas edilib (Yenilənib-2)


“Platformada yanğın davam edir. Dalğanın hündürlüyü 8-10 metrə çatır və bu səbəbdən yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”, qərargahda bildiriblər.

Qərargahın əməkdaşı xilasedici rezin qayıqlardan birinin partlaması və qayıqdakı çoxsaylı insanın dənizə düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib.

“Bu məlumatların əsası yoxdur. Hər hansı qayıq partlamayıb. Ölənlər də yoxdur. Xilasetmə əməliyyatları davam etdirilir”, qərargahdan deyiblər.

Xilasetmə işlər başa çatandan sonra ARDNŞ prezidentinin mətbuat konfransı olacaq.

***

Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir.

Azərbaycan Dövlət Neft Şirkətində yaradılmış qərargahdan Amerikanın Səsinə bildiriblər ki, yanğın nəticəsində insan ölümü olmayıb.

“Hazırda platformada olan işçilərin xilas işləri davam etdirilir. Bir çox insan xilas edilib. Bəzi xilas edilən insanlar hələ qayıqlardadır və onların gəmiyə daşınmasında Fövqəladə Hallar Nazirliyinin helikopterləri iştirak edir. Amma hələ platformada qalanlar da var”, qərargahın əməkdaşı qeyd edib.

***

Dekabrın 4-də baş verən güclü tufan Xəzər dənizindəki “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Xəzər dənizi
Xəzər dənizi

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Son məlumata görə, artıq platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.

APA agentliyi ARDNŞ-a istinadən bildirir ki, işçilər arasında ölən və xəsarət alan yoxdur.

Agentliyin məlumatına görə, yanğın baş verən zaman platformada 42 nəfər olub.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Azəri-Çıraq-Günəşli-Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağıdır.

Bakıdan təxminən 120 kilometr şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. Azəri-Çıraq-Günəşli yatağında hasilat 1997-ci ilin noyabrında başlanıb.

XS
SM
MD
LG