Accessibility links

Fevralın 10-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” dəniz yatağında yerləşən 10 N-li stasionar platformada yanğını söndürməyə nail olub. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

“Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulub ki, bu da quyuların boğulmasını çətinləşdiririb. Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlul ilə boğulub”, - SOCAR-ın məlumatında bildirilir.

Platformada yanğının uzunmüddətli olması (68 gün) onunla əlaqəli olub ki, burada yanan quyular sadəcə qaz quyuları olmayıb, onlar qaz-kondensat quyuları idi. Xüsusi maddə ilə qazı söndürmək mümkün idi, ancaq bu zaman quyudan çıxan kondensat dənizə dağılar və küləkli hava şəraitində bunun yayılma coğrafiyası genişlənər və təbii ki, bu zaman ekoloji fəsadların aradan qaldırılması üçün külli miqdarda xərc tələb olunardı. Başqa bir səbəb isə, yanan quyuların bir-birinə yaxın yerləşməsi və onlara quyubaşlığının qısa zamanda geydirilməsi üçün əvvəlcə platformaüstü avadanlığın kəsilib-doğranaraq sahilə daşınmasını təmin etmək məsələsi idi. Mürəkkəb hava şəraitində davam etdirilən bu problemin həllinə mütəxəssilər təqribən bir aydan çox vaxt sərf edib.

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev Londonda keçirilən “IP Week” beynəlxalq konfransında dünən jurnalistlərə bildirib ki, platformada yanğın söndürüldükdən sonra dərhal təmir işlərinə balanacaq. “Quyuları təmir etmək üçün 3-4 ay vaxt lazımdır. Yatağı mayın sonuna kimi tam həcmlə istifadəyə verməyə çalışacağıq. Bu yataqdan gündə 1,3 mln. kubmetr qaz və 1000 ton neft hasil olunurdu. Cari ildə illik hasilatın həcmi 500-600 min ton az olacaq”, deyə Abdullayev bildirib.

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Nəticədə platformada olan 62 nəfərdən neftçidən 30 nəfər platformanı tərk etmək istəyərkən dənizə düşərək həlak olub.

XS
SM
MD
LG