Accessibility links

Prezident Ruhani sərəncamı Urmiyə Gölü ilə bağlı kütləvi etirazlardan 20 gün sonra verib

Azərbaycan veb səhifələri və Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata istinadən güneyli qruplar prezident Həsən Ruhaninin iyunun 29-da Urmiyə Gölünü canlandırmaq istiqamətində əməli layihələrin başladılmasına dair verdiyi sərəncamın sadəcə təbliğat məqsədli olduğunu qeyd edirlər.

İran İslam Respublikası prezidentinin veb səhifəsində yayılan xəbərdə Urmiyə gölünün canlandırılması üçün lazımi vəsaitin dövlət tərəfindən təmin ediləcəyi bildirilib.

Prezident Həsən Ruhani bu sərəncamı Urmiyə Gölü böhranı ilə bağlı İran dövlətinin siyasətinə etiraz olaraq keçirilən yeni dövr kütləvi aksiyalardan 20 gün sonra verib.

İyunun 10-da Təbriz və Urmiyə şəhərlərində təşkil edilən etirazlarda əhali və milli fəallar “Ruhani Ruhani, vədlərin bəs hanı?” şüarı ilə prezidentin ekoloji böhranı həll etməyə dair əməli addım atmadığına etiraz ediblər.

Etirazlarla bağlı həbs edilən Urmiyə gölü müdafiəçilərinə qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”, “siyasi nümayişlər təşkil etmək” və “pantürkizm fəaliyyətləri aparmaq” kimi ittihamlar irəli sürülb.

“Həsən Ruhani xalqa Urmiyə gölünü qurtaracağına dair aldadıcı vədlər verdiyi zaman gölün 75 faizi qurumuşdu. İndi isə, gölün 97 faizi quruduqdan sonra İran mediası Ruhaninin Urmiyə Gölü sərəncamı ilə bağlı təmtəraqlı başlıqlar yayır,” deyə Günaz TV sərəncamın təbliğat məqsədli və Həsən Ruhani hökümətinin etibarının zədələnməməsi üçün verildiyini irəli sürüb.

İnsan haqları qrupları ötən üç il ərzində Urmiyə gölü böhranı ilə bağlı toplantılar keçirdiyini, etirazlara qatıldıqları səbəbilə yüzlərlə insanın nəzarət altına alındığını və uzun həbs hökmləri kimi ağır basqılara məruz qaldıqlarını bildirib.

XS
SM
MD
LG