Accessibility links

Güneydə məktəblərin açılmasına “Dilim evdə qalıb” etirazı


"Ana Vətən" qəzeti - Salmas, Qərbi Azərbaycan
"Ana Vətən" qəzeti - Salmas, Qərbi Azərbaycan

Təbrizli gənclər "türk dilində mədrəsə, olmalıdır hərkəsə" şüarını səsləndiriblər

İran Azərbaycanında məktəblərin açılışı zamanı türk dilində təhsil haqqının təmin edilməməsinə etirazların artması ilə bərabər Xoy şəhərində həbs edilən fəallardan bir neçəsinin müvəqqəti azadlığa buraxıldığı bildirilir.

Oyan News veb səhifəsinə istinadən, sentyabrın 22-də məktəblərin açılışı ərəfəsində Xoyda təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan Sina İrəci, Hamid Eyvazlı və Hüseyn Hachüseynlinin ittihamları oxunduqdan sonra onlar müvəqqəti olaraq sərbəst buraxılıblar.

Məlumata əsasən saxlanılan digər fəal Rəsul İrəci hələ nəzarət altında saxlanılır.

İran Azərbaycanı ilə bağlı məlumat yayan saytlar digər şəhərlərdə də bəzi fəalların saxlanılıb sorğu-sual edildikdən sonra buraxıldıqlarını bildirirlər.

Təbriz - Məktəblərin ilk günü
Təbriz - Məktəblərin ilk günü

İnternet qəzetləri həmçinin bir neçə şəhərdə uşaqların ana dilində təhsildən məhrum olduğuna etiraz olaraq mitinqlərin keçirilməsi ilə bağlı məlumat yayıblar.

Araz News saytının yaydığı şəkillərdə Təbriz şəhərində bəzi məktəblərin önündə toplaşan etirazçıların türk dilində təhsil haqqı ilə əlaqədar kiçik plakatlar nümayiş etdirdiyi görünür. Həmin saytda yayılan bir videoda isə üzərində “hanı bizim ana dilimiz?” cümləsi yazılmış böyük bir plakat daşıyan gənclər “türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirirlər.

Ana dilində təhsil tələbi həmçinin məktəblərin açıldığı günlərdə nəşr edilən qəzetlərdə də əks edilib. Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində yayımlanan Ana Vətən qəzetinin ön səhifəsində “Ana dili Azərbaycan məktəblərinin həmişəlik qaibi”, “Nə durnalar gölə qayıdır, nə də dil məktəbə!” və “Dilim evdə qaldı” ifadələri yer alıb.

XS
SM
MD
LG