Accessibility links

Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı dinləmələr keçirilib


Güney Azərbaycanı ilə bağlı dinləmə
Güney Azərbaycanı ilə bağlı dinləmə

İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Güney Azərbaycan Milli Hərəkatının gələcək taleyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) fevralın 12-də təşkil etdiyi dinləmələrin əsas müzakirə mövzusu idi.

“İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan, İran dünya ticarətinin tam hüquqlu subyekti olduqdan sonra Güneydə milli hərəkatı əzmək fürsəti qazanır”, DAK həmsədri Sabir Rüstəmxanlı bildirib.

“Güney Azərbaycan Milli Hərəkatı hələlik potensial gücdür və kinetik gücə dönməyib”, tarixçi Nazim Cəfərsoy qeyd edib. Onun fikrincə, İrana qarşı sanksiyaların aradan qaldırılması hərəkat üçün həm risk, həm də fürsətdir.

“İran Qərblə yalnız nüvə məsələsində razılaşıb, amma mühüm olan daha iki məsələ var. Bunlardan biri geosiyasi iddialar, digəri insan haqları və demokratiya məsələsidir. Bu məsələdə İran-Qərb qarşıdurması davam edir və bu, İrana müsbət heç nə vəd etmir”, Cəfərsoy xatırladıb.

O, milli hərəkatda tükçülük xəttinin get-gedə güclənməsini Güney Azərbaycanda milli özünüdərkin güclənməsinin göstəricisi adlandırıb.

“Azərbaycan Qərb-Şərq, Şimal-Cənub, Mərkəzi Asiya geosisyasi “savaşları”nın ortasındadır, bu situasiya düşünülmüş, ölçülü-biçili siyasət tələb edir”, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib.

O, ikiqütblü düzənin dağıldığını, birqütblü düzənin isə hələ başa çatmadığını xatırladıb.

“İndiki dünyada demokratik və qeyri-demokratik qüvvələr üz-üzə gəlib. İran, Azərbaycan, Güney Azərbaycan (İran Azərbaycanı-red) öncə “demokratikləşmə imtahanı” verməlidir”, S.Əkbər qeyd edib.

Dinləmələrdə deyilib ki, istənilən halda Azərbaycan Qərb dünyası ilə bir sırada yer almalıdır və bu mövqe Güney Azərbaycan Milli Hərəkatının taleyinə həlledici təsir göstərəcək.

“Qərb birqütblü, Rusiya, Çin və İran çoxqütblü dünya düzəni yaratmaq istəyir. Milli maraqlarımız naminə biz Qərblə bir yerdə olmalıyıq”, S. Rüstəmxanlı bildirib.

XS
SM
MD
LG