Accessibility links

Gürcüstan və Azərbaycan David Qareciyə ziyarət qaydaları haqqında razılıq əldə edib


Gürcüstan vətəndaşları, həm də Gürcüstanda olan əcnəbi turistlər kompleksin bütün ərazisinə maneəsiz buraxılacaq.

Gürcüstan və Azərbaycan iki ölkə sərhədində yerləşən monastır kompleksi ilə bağlı razılıq əldə ediblər. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Dünən Çikaqoda Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyevin görüşü keçirilib. Prezidentlər sərhəd idarələrinin rəhbərlərinə David Qareci monastır kompleksi ilə bağlı yaranmış problemləri həll etmək tapşırığı verib.
“Bu il mayın 20-də sərhəd idarələri rəhbərlərinin görüşü keçirilib. Görüşdə qəbul olunan qərara görə, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesi yekunlaşdırılana qədər həm Gürcüstan vətəndaşları, həm də Gürcüstanda olan əcnəbi turistlər kompleksin bütün ərazisinə maneəsiz buraxılacaq”, deyə bəyanatda bildirilir.
Bu zaman Gürcüstan hökuməti kompleksi ziyarət edənləri Azərbaycan ərazilərinin dərinliklərinə getməyəcəyi barədə öhdəlik götürüb.
Bir müddət əvvəl bir sıra Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, mayın əvvəllərində Azərbaycan Tbilisidən 60 km cənub-şərqdə yerləşən David Qareci monastır kompleksi ərazisinə öz sərhədçilərini yerləşdirib.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu gün jurnalistlərə bildirib ki, Azərbaycan və Gürcüstan arasında hər-hansı sərhəd problemi yoxdur. “Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır və hər-hansı sərhəd dəyişikliyindən söhbət belə gedə bilməz”.

Cənab Həsənovun sözlərinə görə, bu dağ Azərbaycan ərazisində yerləşir və dövlətlərarası komissiya sərhədin delimitasiyasi və demarkasiyası üzrə işləri davam etdirir. “Monastırla bağlı vəziyyət Azərbaycan və Gürcüstana dost olmayan ölkələr tərəfindən süni olaraq gərginləşdirilir”, deyən Həsənov Gürcüstan müxalifətinin, bəzi dini dairələrini və KİV-lərinin bu problemi şişirtməsindən təəssüfünü bildirib.

XS
SM
MD
LG