Accessibility links

Gürcüstanın xarici işlər naziri ilk səfərini Azərbaycana edib


Elmar Məmmədyarov və Giorgi Kvirikaşvili
Elmar Məmmədyarov və Giorgi Kvirikaşvili

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycana səfəri çərçivəsində president İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşüb.

Görüşlərdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Əliyev bu əməkdaşlığın iki ölkəni birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cənab Kvirikaşvili ilə görüşündən sonra keçirdikləri brifinqdə bildirib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri var və iki ölkə arasındakı bu münasibətlər gündən-günə güclənir.

Məmmədyarov görüşdə iqtisadi əməkdaşlıq məsələlərinə toxunub və deyib ki, Bakı-Tbilisi-Qars layihəsi müzakirə edilib.

“Gürcüstanda artıq bu layihə üzrə tikinti işləri başa çatıb. İndi Türkiyə ərazisində işlərin tamamlanmasını gözləyirik. İlin sonunda biz bu layihəni dünyaya təqdim etmək niyyətindəyik", nazir qeyd edib.

Məmmədyarov iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinin də müzakirə olunduğunu bildirib. 2016-ci ildə bu məsələ ilə bağlı İşçi Qrupunun iclası olacaq.

Görüşdə prezident İlham Əliyevin Gürcüstana noyabrın 6-na nəzərdə tutulan səfəri ilə bağlı da müzakirələr aparılıb.

Öz növbəsində, G.Kvirikaşvili Gürcüstanın coğrafi mövqeyini nəzərə alaraq, ölkəsinin nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Türkiyə-Azərbaycan-Gürcüstan formatında dialoqun inkişafında ölkəsinin maraqlı olduğunu bildirib.

Giorgi Kvirikaşvili azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Gürcüstana rəsmi səfərə dəvət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG