Accessibility links

Tarixi memarlıq abidəsi kimi qorunan ev 10,6 metr yerini dəyişəcək

Bakıda Füzuli, 39 ünvanında yerləşən neft milyonçusu olmuş İsa bəy Hacınskinin 20-ci əsrin əvvəllərində tikilmiş üç mərtəbəli tarixi memarlıq abidəsi kimi qorunan evi aprelin 25-də 3 metr 40 sm sürüşdürülüb.

Binanın yerdəyişməsi əməliyyatını Hollandiyanın “Bresser Eurasia” şirkəti həyata keçirir.

Hazırda binanın sakinləri köçürülüb. Dünən Bakı meri Hacıbala Abutalıbov jurnalistlərə bina sakinlərinin may ayında öz mənzillərinə qayıda biləcəklərini deyib.
Firma rəhbəri Leon Sveeger isə bildirib ki, bina 10,6 metr sürüşdürüləcək, həm də bu şirkətin indiyədək köçürdüyü ən böyük və ağır binadır.

Binanın uzunluğu 52 metr, eni 35 metr, hündürlüyü 20 metr, ağırlığı 18 min tondur.

Binanın köçürülməsi üçün 210 hidravlik qaldırıcı qurğu cəlb olunub, onların vasitəsilə bina bir neçə mm qaldırılaraq, yeni yerinə sürüşdürülür. Bütünlükdə proses 5 gün davam edəcək.

Evin köçürülməsinin səbəbi həmin ərazidə Qış Parkının tikintisidir. Bununla əlaqədar olaraq sözügedən zonada minlərlə köhnə yaşayış evi sökülüb, 60 mindən çox insan köçürülüb.
XS
SM
MD
LG