Accessibility links

Hadi Qaraçay: Dilimiz təkcə İran coğrafiyasına sığışmaz [Audio-Müsahibə]


Hadi Qaraçay

Hadi Qaraçay

Təbriz Universitetində Türk Dili və Ədəbiyatı bölümünün açılmasına dair xəbərin yayılması ardından universitet məsulları və İran rəsmiləri açıqlamalarında bölümdə tədrisin “milli əlifba və Təbriz ləhcəsi əsasında” olacağı və iranlılığın mərkəzə alınacağını ifadə ediblər. Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən şair və türk fəal Hadi Qaraçay həmin açıqlamaları “bizim dilimiz İran hüdudlarına sığışmaz” deyərək tənqid etsə də, Türk Dili və Ədəbiyyatı Bölümünü dəstəkləyən fəallara qarşı mövqe tutmadığını bəyan edir.

Bölümlə əlaqədar milli fəallar arasında mövcud olan fərqli düşüncələri dəyərləndirən Hadi Qaraçayın sözlərinə görə, “necə ki, hərəkat içində bunu açıq-ürəkliliklə qarşılayanlar var, onu çox ciddi tənqid edənlər də vardır.”

Norveçdə mühacirətdə yaşayan şair bu kimi mövzularla bağlı fərqli baxışların sadəcə Milli Hərəkat içində deyil, hakimiyyətin içində də göründüyünü vurğulayır:

Fərqli baxışlar sadəcə bizdə deyil, hakimiyyətin içində də bu məsələ ilə bağlı çəkişmələr var.

“Fərqli baxışlar sadəcə bizdə deyil, hakimiyyətin içində də bu məsələ ilə bağlı çəkişmələr var. Bir tərəf bu hüquqların verilməsini İranın siyasi hakimiyyətinə bir təhlükə kimi görür, bunu tamamilə yersiz hesab edir. Digər tərəf isə bunların verilməsini yersiz hesablamasa da, bunun hududlarının haradan qoyulmasında ixtilafları var. Hakimiyyətin burada dəqiq və birmənalı siyasəti yoxdur.”

O, İran rəsmilərinin Türk Dili və Ədəbiyatı bölümü haqqında açıqlamalarını da həmin çərçivədə dəyərləndirir.

Təbriz Universiteti

Təbriz Universiteti

Hadi Qaraçay milli hərəkatda mövcud olan fərqli baxışlara dair mövqeyini belə izah edir: “Mən istiqlalçıyam. Amma, eyni zamanda, biri deyə bilər ki, mən türkəm və eyni halda da iranlıyam. Mənim onlarla heç problemim yoxdur. Mən deyirəm, sizinlə də müəyyən yerə qədər gedə bilərik, cünki sizinlə müştərək hədəfimiz var... Onların fəaliyyətləri bizim fəaliyyətlərin zəminini hazırlayır.”

Təbrizdə Türk Dili və Ədəbiyyatı bölümünün açılmasına dair xəbərlərin yayılmasından sonra İranın müxtəlif siyasi qrupları tərəfindən etirazlar və narahatlıqlar ortaya çıxıb. O cümlədən, islahatçı qruplara yaxın olan Şərq qəzeti bölümdə başqa ölkələrin türkcə əsərlərinin tədris olunacağı təqdirdə bunun yanlış olduğunu yazır.

Dilimiz yalnız İran coğrafiyasına sığışmaz. Bizim dilimiz dünyanın hər yerində yaşayan türklərin dilidir. Onların yazarları və şairləri də bizim yazarlarımız və şairlərimizdir.

Şərq qəzetinin etirazından sonra bölümün başqanı Əhməd Fərşbafiyan bölümdə “milli əlifba və Təbriz ləhcəsi” əsasında tədris ediləcəyini ifadə edib. İranın qeyri-fars etnik qrupları və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı Höccətül-İslam Əli Yunesi isə deyib, “bölümdə istifadə edilən mənbələr, simvollar və misallar İrana məxsus olmalıdır.”

Hadi Qaraçay isə deyir, “bizim dilimiz yalnız İran coğrafiyasına sığışmaz. Bizim dilimiz dünyanın hər yerində yaşayan türklərin dilidir. Onların yazarları və şairləri də bizim yazarlarımız və şairlərimizdir.”

XS
SM
MD
LG