Accessibility links

Hafiz Babalı: Son dövrlər kənd təsərrüfatında müəyyən müsbət dinamika hiss edilməkdədir


Hafiz Babalı: Son dövrlər kənd təsərrüfatında müəyyən müsbət dinamika hiss edilməkdədir

Hafiz Babalı: Son dövrlər kənd təsərrüfatında müəyyən müsbət dinamika hiss edilməkdədir

Bəzi məhsul növləri üzrə Azərbaycan öz tələbatını tam təmin edir və ixraca da mal göndərir. Bu əsasən tərəvəz məhsullarıdır, kartofdur, bəzi növ meyvələrdir, ət və süd məhsullarıdır. Bu ilin beş ayı ərzində Azərbaycana yeyinti və kənd təsərrüfatı məhsullarının idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 faizədək artıb. Bu isə o deməkdir ki, kənd təsərrüfatı və emal sənayesi artan tələbatı ödəmək iqtidarında deyil.

Turan İnformasiya Agentliyinin eksperti Hafiz Babalı Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda ərzaq təhlükəsizliyi məsələlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycan bir sıra ərzaq məhsulları ilə əhalisini tam təmin edir və ixraca göndərir, amma ixrac etdiyi məhsullar da çoxdur.

Sual: Azərbaycan ərzaq təhlükəsizliyini təmin edirmi? Bu il vəziyyət necədir?

Cavab: Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı son illər çox ciddi addımlar atılıb. Amma, ərzaq təhlükəsizliyinin təmin edildiyini hazırda demək çətindir. Əkin sahələrinin mütərəqqi texnologiyalar əsasında şumlanması, becərilməsi, heyvandarlıq sahəsində atılan addımlar kənd təsərrüfatında inkişaf üçün müəyyən stimullar yaradıb. Son dövrlər kənd təsərrüfatında müəyyən müsbət dinamika hiss olunmaqdadır. Əhalinin təhlükəsiz ərzaqla etibarlı təminatının təmin edilməsi üçün ölkə prezidenti tərəfindən qəbul edilmiş dövlət proqramının icrası üçün müəyyən addımlar atılır. Hesab edirəm ki, icra tempi proqramın icra müddətində, yəni 2015-ci ilədək yerinə yetirilməsinə nail olmaq üçün bəs etməyəcək. Yalnız, onu demək kifayətdir ki, bu ilin beş ayı ərzində Azərbaycana yeyinti və kənd təsərrüfatı məhsullarının idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 faizədək artıb. Bu isə o deməkdir ki, kənd təsərrüfatı və emal sənayesi artan tələbatı ödəmək iqtidarında deyil.

Sual: Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edir, hansı məhsulları idxal edir?

Cavab: Bəzi məhsul növləri üzrə Azərbaycan öz tələbatını tam təmin edir və ixraca da mal göndərir. Bu əsasən tərəvəz məhsullarıdır, kartofdur, bəzi növ meyvələrdir, ət və süd məhsullarıdır. Amma, qeyri mövsümü dövrlərdə bir sıra məhsullar idxal edilir və daxili bazarda həmin növ məhsulların qiyməti artır. Bu isə vətəndaşların narazılığına səbəb olur. Amma, hökumətin atdığı addımları da qeyd etməliyik. Hökumət anbar təsərrüfatının, soyuducu kameraların yaradılması istiqamətində son illər kifayət qədər ciddi addımlar atıb. Bu həm də növbəti illər üçün bir bazadır.

Sual: Kənd təsərrüfatının inkişafı istiqamətində dövlət kreditləri verilirmi? Xarici investisiyalar nə qədərdir?

Cavab: Demək olmaz ki, bu sahədə atılan addımlar tələbatı qarşılamır. Təbii ki, dövlət büdcəsi və özəl kreditlər, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun hesabına on milyonlarla vəsait bu sahənin inkişafına yönəldilir. Yalnız, onu demək kifayətdir ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin 80 faizi kənd təsərrüfatı, emal sənayesinin inkişafına yönəldilir. Digər mənbələr, o cümlədən xarici investisiyalar da bu sahəyə yönəldilir. Amma, bütün bunlar yetərli deyil. Kənd təsərrüfatının investisiya və kredit tələbatı daha yüksəkdir. Nəzərə alaq ki, kənd təsərrüfatı ölkə rəhbərliyi tərəfindən prioritet hədəf müəyyən edilib.

Sual: Sovet dövründə Azərbaycanda əkinçilikdə prioritet kimi pambıqçılıq və üzümçülük əsas götürülürdü. İndi hansı sahələr prioritetdir?

Cavab: İndi meyllər bir qədər dəyişib. Hökumətin əsas prioriteti taxılçılıq və heyvandarlıq sahələrinə yönəldilib. Əslində, bu düzgün dəyərləndirmədir. Çünki, hökumətin etibarlı və təhlükəsiz ərzaq təminatı ilə bağlı həyata keçirdiyi siyasət vətəndaşların təminatının ödənilməsinə yönəlib və bu da alqışlanası haldır. Amma, pambıqçılıq və digər sahələrdən hökumətin geri çəkilməsi də müsbət hal deyil. Azərbaycan vaxtı ilə yüz min tonlarla pambıq istehsal edib və son dövrlər bu 30-40 min tonda qərarlaşıb. Bu isə ölkənin potensialını əks etdirmir. Eyni zamanda, bu sahənin ölkə iqtisadiyyatına və emal sənayesinə verəcəyi potensialdan qat-qat aşağıdır. Pambıqçılığın inkişafı, növbəti mərhələdə bu sahənin emal sənayesi və hazır məhsul istehsalı üçün bir bazadır. Pambığın son məhsuladək istehsalı maya dəyərindən yüzlərlə dəfə çox gəlir gətirə bilər.

XS
SM
MD
LG