Accessibility links

Hafiz Babalı: 20 şəxs 700 şirkət yaradıb [Video-müsahibə]


Hafiz Babalı: 20 şəxs 700 şirkət yaradıb
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Hafiz Babalı: 20 şəxs 700 şirkət yaradıb

Bu son ay yarımda yaradılan şirkətlərin yarısıdır

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının təhlili göstərir ki, ölkədə qeydiyyatdan keçən yeni şirkətlərin tam əksəriyyəti bir qrup şəxs tərəfindən təsis olunur. Bu barədə Turan İnformasiya Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı Amerikanın Səsinə müsahibəsində bildirib.

O Vergilər qəzetinə istinadən deyib ki, son ay yarımda eyni şəxslər ölkənin müxtəlif regionlarında 700-dən çox şirkət yaradıb.

Ekspert güman edir ki, həmin şəxslərin Azərbaycanda idxalda monopolistlərlə əlaqəsi var.

Turan agentliyinin təhlillərinə əsasən, təkcə 2013-cü ilin noyabr ayının 18-dən bu ilin yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısı, yəni 700-ü 20 nəfər tərəfindən yaradılıb. Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir.

Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu məlumatlar təsdiq edir ki, gün ərzində bu şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni, eyni şəxs həm Bakıda, həm də respublikanın bölgələrində saysız-hesabsız şirkətlər yaradır.

Hesablamalara görə, təkcə bir şəxs yuxarıda qeyd olunan tarixlərdə 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş günü ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət yaradıb.


Bir insan bu qədər şirkətləri necə idarə edə bilər? Hər bir şirkət azı üç dövlət orqanına mütəmadi hesabat təqdim etməlidir, bunun üçün xeyli insan resursu tələb olunur.

Ekspert hesab edir ki, bu cür şirkətlər Azərbaycana gətirilən malların gömrük rəsmiləşdirilməsi üçün yaradılır.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2013-cü ildə Azərbaycanda idxal-ixrac əməliyyatları ilə təqribən 7 min subyekt məşğul olub. Bunların 3587-si özəl şirkət, 3132-si fiziki şəxslər olub.
XS
SM
MD
LG