Accessibility links

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi müasir kommunikasiya texnologiyalarından danışıb.

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani mayın 31-də Tehranda keçirilən “Orta Şərq olayları və bölgənin gələcək düzəni” adlı toplantıda çıxış edərək müasir kommunikasiya texnologiyalarından danışıb.

“Media forum” saytının məlumatına görə, Rəfsəncani deyib ki, internet və peyk antenaları mövcud olan bir dövrdə totalitar hakimiyyətlərin azad informasiyanın qarşısını almağa cəhdi mənasız bir addımdır: “Bu gün biz şahidik ki, heç bir xərc çəkmədən yaradılan “Facebook” səhifəsi birdən-birə bir neçə televiziya aparatına və radioya çevrilir, milyonlarla nəfəri öz təsirinə alır. Bu isə dünya üçün mübarək bir tapıntıdır. Əlbəttə, bu, bəzilərinin xoşuna gəlməyə bilər. Lakin hesab edirəm ki, belə bir medianın olmaması dünya üçün təhlükəlidir.

Bu gün internet və peyk antenalarının sayəsində informasiyaların yayılmasının qarşısını almaq artıq mümkün deyil. İnsanlar informasiyaya yiyələnmənin yollarını öyrəndikdən sonra bunun qarşısını necə almaq olar? Bu gün biz görürük ki, hardasa bir jurnalisti tutub həbsə salanda xəbəri qısa bir zamanda bütün dünyaya yayılır. Yəni baş verən hər bir hadisəni dünya görüb eşidir, dünya mediası isə onu yaymağa başlayır. Bu isə bizim dövrümüzdə baş verən informasiya partlayışıdır. Əlbəttə, bu informasiya partlayışının mənfi tərəfləri də var. Lakin hesab edirəm ki, əgər biz bunun qarşısını almağa cəhd göstərsək, onun yerini 10-u tutacaq”.

XS
SM
MD
LG