Accessibility links

Şərqi Azərbaycan vilayətinin Sarab şəhərinin İnqilab Məhkəməsi milli fəal Hamid Məlikabadini İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandıraraq, ona 6 ay həbs cəzası verib. Sarab Ədliyyə başqanı hakim Xatiri onu yanvarın 6-da mühakimə edib.

Sarablı milli fəallar Hamid Məlikabadi və Babək Bəqayi 2012-ci ilin iyul ayında İran təhlükəsizlik məmurları tərəfindən tutulub, bir neçə həftə Sarab və Təbriz şəhərlərinin ETTELAAT idarəsinin həbsxanalarında dindirildikdən sonra müvəqqəti olaraq zaminə buraxılmışdılar.

Sarab Azad Üniversitetinin tələbəsi olan Hamid Məlikabadi məhkəmədə Azərbaycan milli tarixi günləri il əlaqədar SMS göndərmək, Urmiyə Gölünün quruması ilə bağlı etirazlara qatılmaq, Azərbaycan fəalları tərəfindən qurulan Türk dili və Azərbaycan tarixi siniflərində iştirak etmək və Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatında üzvlük kimi ittihamlarla qarşılaşmışdı.

Günaz TV-nin veb səhifəsində yayılan məlumata istinadən, məhkəmədə vəkil Cəfər Əfşarniyanın səyi nəticəsində Yeni GAMOH-da üzvlük ittihamı onun üzərindən götürülüb.

İnsan haqları qruplarının yaydığı hesabatlarda Sarab şəhərində Azərbaycan milli fəallarına qarşı həbslər və basqıların son bir ildə kəskin artdığı və hazırda azı 10 sarablı mili fəalla bağlı məhkəmə prosesləri keçirildiyi bildirilib.
XS
SM
MD
LG