Accessibility links

Haray: İran Azərbaycanında elmin, ədəbiyyatın inkişafı


Yasəmən Qaraqoyunlu, Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin prezidenti

Yasəmən Qaraqoyunlu, Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin prezidenti

Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin prezidenti, Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlunun sözlərinə görə, Azərbaycan türkləri olan İran alimləri İran mədəniyyəti altında fəaliyyət göstərməyi daha zəruri hesab edir. Onunla müsahibəni sizə təqdim edirik.

Sual: Siz bugünlərdə Türkiyədə konfransda iştirak edibsiniz. Türkiyə ictimaiyyətinin İranda azərbaycanlılarla bağlı baş verən hadisələrə münasibəti necədir?

Cavab: Türkiyənin Kağızman şəhərində keçirilən Araz hövzəsində beynəlxalq simpoziumda iştirak etdik. Burada Türkiyə, İran və Azərbaycandan çoxlu doktorlar, professorlar, elmlər namizədləri iştirak edirdi. Konfransda Türkiyə, Azərbaycan və İranın Araz hövzəsində eyni mədəniyyətə, eyni tarixə malik olduğu haqqında məruzələr səsləndi. Güney Azərbaycanın ədəbiyyatı, tarixi və mədəniyyətindəki son inkişaf haqda yalnız bir məruzə səsləndi. Amma ümumiyyətlə, Türkiyənin İran hadisələrinə münasibətini mən belə dəyərləndirərdim. Birincisi, Türkiyə Güney Azərbaycan problem ilə bağlı məsələlərə köhnə tarix zehniyyətindən yanaşır. Osmanlı ilə Səfəvilər arasında 400 illik müharibənin acı tarix zehniyyəti Türkiyə ictimaiyyətinin fikrində qaldığına görə, onlar İran məsələlərində çox ehtiyatlıdırlar. İkincisi, Atatürkün bir Sədaqət paktı var idi. Bu pakt ona əsaslanırdı ki, bölgədə Türkiyə, İran və Ərəb ölkələri bərabər, qarşılıqlı inkişafa və sülhə üstünlük verən bir güc təşkil etsin. Türkiyənin bugünkü İrana münasibəti əsasən bu paktın ortalığa qoyduğu prinsiplər əsasında formalaşıb.

Sual: Sizin iştirak etdiyiniz konfransda qeyd etdiniz ki, son dövrdə İran Azərbaycanı ədəbiyyatının inkişafı ilə bağlı məruzə oldu. Həmən məruzədə nədən bəhs edilirdi?

Cavab: Həmin məruzə İranda Cavad Heyətin rəhbərlik etdiyi “Varlıq” jurnalının İranın Azərbaycanı assimulyasiyasının qarşını alan bir jurnal kimi fəaliyyətindən bəhs olundu. Əli Kəmali, Doktor Cavad Heyət, Behruz Dehqani, Səməd Behrənginin Azərbaycan türklərinin milli mədəniyyətlərinin və kimliklərinin qorunmasındakı fəaliyyətindən bəhs olundu. Çünki biz bilirik ki, Güney Azərbaycanın dili, mədəniyyətinin inkişafı qadağan olunub və şəxslərin simasında Azərbaycan türkləri assimulyasiya olunmaqdan sanki özlərinin xilas etmiş kimi görünürlər.

Sual: Ümumi məruzələrdə İranda Azərbaycan ədəbiyyatının, Azərbaycan elminin inkişafına baxışlar necəydi? Yəni elmi səviyyədə İranda Azərbaycan elminə, Azərbaycan mədəniyyətinə baxışlar necədir? Türkiyə, Azərbaycan və İran alimlərinin arasında

Cavab: Orada iştirak edən Azərbaycan türkləri olan İran alimləri məruzələrində İran mədəniyyəti altında fəaliyyət göstərməyi daha zəruri hesab edir. Hesab edirəm ki, Türkiyədə isə ayrı-ayrı şəxslərin yaradıcılığı xaricində, orada Güney Azərbaycan dərin-dərin araşdırılmır. Yalnız mən buraya doktor Yaşar Kərafətin adını qeyd edərdim. Onun bir neçə ilə əvvəl “Cəfəri Türklərində xalq inancları” adlı kitabı çıxmışdı.

Sual: Bəs Azərbaycan elmində, Azərbaycan Respublikasında elmi-dissertasiyalarda İranla, İranda yaşayan azərbaycanlılarla bağlı mövzular çoxluqmu təşkil edir?

Cavab: Azərbaycan Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı var. Burada Güney Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, dili kifayət qədər yüksək səviyyədə təhlil olunur. Amma mən çox istərdim ki, bu, Elmlər Akademiyasının bütün başqa institutlarına sirayət etsin. Məsələn Fəlsəfə tarixi kitabında Güney Azərbaycan mövzusu öz əksini tapmayıb. Ümumiyyətlə, Azərbaycanda Azərbaycan elmi deyəndə yalnız Quzey Azərbaycan elmi nəzərdə tutulur. 19-cu əsrdən bu yaya bütün dissertasiya işlərində Güney Azərbaycan bir kənara atılır. Bu, strateji bir yalnışlıqdır.

XS
SM
MD
LG