Accessibility links

HARAYIN gonağı İran Azərbaycanlı şairə Məlihə Əzizpurdur


HARAYIN gonağı İran Azərbaycanlı şairə Məlihə Əzizpurdur

HARAYIN gonağı İran Azərbaycanlı şairə Məlihə Əzizpurdur

Xanım Əzizpurun “Mənə bir küçə bağışla” adlı son kitabı Azərbaycan Respublikası Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin təşəbbüsü ilə Bakıda nəşr olunub. “Mənə bir küçə bağışla”dan əvvəl isə onun “Su pıçıltısı” şer məcmuəsi Azərbaycan Respublikasında çap olunub. Bu iki kitabda onun İranda çapına icazə verilməyən şerləri toplanıb. Eyni zamanda, xanım Əzizpurun “Yağmur”, “Dəmir sevgi”, “Yasaq duyğular”, “14 qələm bəzənmiş ay”, “Göy göz tanrı” şer məcmuələri və “Ağ gecə” hekayələri İranda nəşr olunub.

Məlihə xanım 1979-cu ildə İran Azərbaycanının Əhər şəhərində anadan olub. Təbrizdə boya-başa çatıb və psixologiya sahəsində magistr dərəcəsi (yüksək lisans) alıb. O, 17 yaşından şer yazır, 13 kitab müəllifidir. Məlihə Əzizpur şairliklə yanaşı Təbrizdə nəşr olan mətbuatın böyük əksəriyyətində yazılarla çıxış edib. Qəzetlərlə bərabər “Əsri Azadi”, “Mehri Binab”, “Əhrar”, “Ulduz”, “Asan”, “Nəsimi Qaradağ”, “Afitabi Azərbaycan” və “Avayi Meşov” adlı həftəlik nəşrlərdə də yazılar dərc etdirib.

Şairə Məlihə Əzizpur “Amerikanın səsi” radiosunun Azərbaycan Xidmətinin “Haray” proqramının qonağıdır.

O “Mənə bir küçə bağışla” şerlər kitabının nəşri ilə bağlı bildirib ki, şerlərin yarıdan çoxu İranda nəşrə izin almayan əsərlərdir. “Bakıda çap olunan birinci kitabımdakı şerlərimin də İranda nəşrinə icazə verilməmişdi. Bu kitabım İrana aparılarkən sərhəddə müsadirə edildi”.

Məlihə xanımın fikrincə, şer insanın həyat və yaşayışının aynasıdır. “İnsanda ədalət, həsrət, üsyan və məhəbbət kimi hislər var və mənim də şerlərimdə bunların yeri var. Şerlərim Güney Azərbaycanı tərənnüm edir. Bu şerlər güneydəki acı hisslər”, “vətənpərvərlik və üsyan” harayıdır. “Mənim şerlərimin böyük hərfi məhz vətəndir”.

Şair qısa yazılarını “kibriti hekayələr” adladırır.

“Qartal

Qəfəs arxasından baxır

Havada uçan

Milçəklərə ...”

O, digər qısa şerində deyir:

“Barmaqlarını kəsdilər

Oldu şair ...

Ürəyində qalmışdı

Sözləri ...”

Məlihə xanım İran Azərbaycanındakı ədəbi cərəyanlardan da danışıb. Onun fikrincə, hazırda “Güney Azərbaycanda” “dirəniş ədəbiyyatı” inkişafdadır. “Güney ədiblərinin əsərlərində birinci mövzu vətəndir. Bundan sonra azadlıq, narazılıqlardan doğan daxili üsyan hissi, müstəqillik və ədalət kimi mövzular sıralanır”.

Xanım Əzizpurun baxışına görə, keçmiş ədiblərin mövzuları yeni nəsildən fərqlənir. “Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks etdirir. Amma, İranda İslam inqilabından sonra və 1990-cı ildən başlayaraq ədəbiyyatın əsas mövzusu üsyan və vətən sevgisidir. Cənubi Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın göstəricisidir”.

Azərbaycan Respublikasındakı ədəbi mühitlə Cənubi Azərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlər mövcuddur. “Əlbəttə Qarabağ, Azərbaycan ərazilərinin işğalı, Xocalı hadisələri, 20 Yanvar mövzusu Cənubi Azərbaycan ədəbiyyatının da aparıcı mövzularıdır. Azərbaycan Respublikası ədəbiyyatında da Cənubi Azərbaycanda mübarizə, İrandakı ağır durum əks olunur. Amma, İranda Azərbaycan dilində təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq bu vəziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid edilmir”.

Bununla yanaşı, Məlihə xanım hesab edir ki, İran azərbaycanlı şair və yazarların mövzuları məfhum və anlayış baxımından daha geniş və daha dərindir. “Məsələn, Azərbaycan Respublikasında şair xoşbəxtliyi kartofun qızarma qoxusunda görürsə, güney şairinin xoşbəxtliyi “azadlıq” yaşamaqda üsyandadır”. O söyləyir ki, ədəbi dil quzeyli (Azərbaycan Respublikası) şairinin əlində mum kimidir bu dildə təhsil və hər növ azadlığı olduğuna görə onun üzərində arzu elədiyi kimi işləyim ona şəkil verə bilir, onu istədiyi kimi formalaşdıra bilir, güneydə (Cənubi Azərbaycan) bu çətindir, amma əsərlərdə işlənən mövzular, onların məzmunu daha çox inkişaf edib.

Azərbaycan Respublikasının şerində İran Azərbaycanının indiki durumu kifayət qədər yer almır. “Azərbaycan Respublikasında İranda yaşayan azərbaycanlıların mövcud ağır durumuna yer verilir, amma bu kifayət qədər yetərli deyil. Məsələn, Urmu gölü hadisələri zamanı gözlədiyimiz qədər əsərlər çap edilmədi, yazılmadı. Nədənsə quzey mətbuatı güneyə kifayət qədər yer vermir. Bunun əksinə, quzeydə üz verən kiçik mövzuya belə güneydə böyük reaksiya var”, - deyə o qeyd edib.

XS
SM
MD
LG