Accessibility links

Harayın bu həftəki mövzusu Azərbaycan və İran Azərbaycanı arasında ədəbi əlaqələrin tarixidir


Fəxri Uğurli, yazıçı
Fəxri Uğurli, yazıçı

Yazıçı Fəxri Uğurlunun sözlərinə görə, iki əbədi mühit arasında əlaqələr həmişə mövcud olub. Onunla söhbəti sizə təqdim edirik.

Sual: Azərbaycan və İranda yaşayan azərbaycanlıların ədəbi mühiti arasında əlaqələr necədir? Yəni iki ölkə arasında yaşayan azərbaycanlılar arasında ədəbi sahədə münasibətlər sistemini necə qiymətləndirərdiniz?

Cavab: Bu əlaqələr hələ Sovet dövründə də mövcud olub. O vaxt əlaqələr xüsusən Sovet dövləti tərəfindən, o cəmiyyətdə yaşayan yazıçıların iştirakı ilə daha çox ideoloji istiqamətdə inkişaf etdirilirdi. Ancaq bu ideoloji çərçivədə olmasına baxmayaraq, yazıçılarımız bu imkandan yararlanıb, iki ölkədə yaşayan azərbaycanlılar arasında müəyyən mənəvi körpüləri yaratmağa müvəffəq olublar. O vaxtlar Mirzə İbrahimov və bizim bir çox tanınmış yazıçılar cənub mövzusunda əsərlər yazıblar. Şəhriyarın bu məsələdə çox böyük rolu olub.


Sual: Vaxtilə Azərbaycanın məşhur şairi Səməd Vurğun yazmışdı: Nədən şerimizin baş qəhrəmanı gah İrandan gəlir, gah Turandan? Bu gün Azərbaycan ədəbiyyatının baş qəhrəmanları haradan gəlir? Yəni İranda yaşayan azərbaycanlı şairlərin, yazıçıların əsərlərinin baş qəhrəmanları Azərbaycan Respublikasında olan içtimai hadisələrin iştirakçılarıdırmı? Və yaxud Azərbaycan Respublikasında yazılan əsərlərin baş qəhrəmanları İranda yaşayan azərbaycanlıların ictimai siyasi hadisələrinin baş qəhərəmanıdırmı?

Cavab: Qəribədir ki, sərhəd açılsa da və millət daxilində gediş-gəliş artsa da, hələlik dediyiniz tendensiya hiss olunmur. Deyək ki, vaxt var idi Mirzə İbrahimov “Gələcək Gün” romanını yazırdı. Bu romanın qəhrəmanı Cənubi Azərbaycanlılar idi. Amma indi bəlkə də var, amma mənə elə bir əsər rast gəlməyib ki, onu cənublu yazmış olsun və onun qəhrəmanı Şimali Azərbaycanlı olsun və yaxud əksinə. Hələlik hər kəs özünü ifadə etməklə məşğuldur. Yazıçılar həm də hələlik bir-birilərinin iç problemlərinə bələd deyillər.


Sual:
Vaxtilə Məmməd Səid Ordubadi “Dumanlı Təbriz” romanını yazmışdı. Bu romanın baş qəhrəmanları həm şimalda, həm cənubda ictimai-siyasi hadisələrin əsas qüvvələri idi. 1990-cı ildən sonra Azərbaycan-İran sərhədi açıldı, həm o tayda, həm bu tayda çox sürətli ictimai hadisələr baş verdi. Bu gün bu hadisələri əks etdirən bədii əsərlər, şer nümunələri, poemalar varmı? Dram əsərləri mövcuddurmu?

Cavab: Əlbəttə, ədəbiyyatdan yalnız baş vermiş tarixi hadisələri realist qaydada əks etdirməyi tələb etmək olmaz. Bu əsasən keçmişdə dəbdə idi. İndi maraqlı olardı ki, görəsən bu siyasi dəyişimlər insanlarımızın şüurunda və psixologiyasında hansı dəyişikliklərə gətirib çıxartdı. Qəribədir ki, M.S.Ordubadinin gördüyü Cənubi və Şimali Azərbaycan arasındakı sərhəd nə qədər paradoksal görünsə də, indiki qədər böyük deyildi. Çünki biz fərqli ictimai-siyasi sistemlərdə yaşamışıq. Bu insanlarımızın psixologiyasına həddindən çox təsir göstərib.


Sual: Təbii ki, psixologiyanın, ictimai-siyasi hadisələrin öyrənilməsi üçün yazıçılar, şairlər arasında ədəbi mühit arasında daimi, davamlı bir dialoq varmı?

Cavab: Bu dialoqun sistemli şəkildə olduğunu deyə bilmərik. Amma pərakəndə, ayrı-ayrı insanların təşəbbüsləri sayəsində olsa da, son illər bu ədəbi əlaqələrin güclənməsi tendensiyasını hiss edirəm. Məsələn xaricdə, Avropada yaşayan cənublular tərəfindən hazırlanmış veb saytlar var ki, onlar həm cənublu, həm şimallı yazıçıların əsərlərini çap edirlər. Onlar buna yeni bir don vermək istəyirlər. Hələlik bunun baş tutduğunu deyə bilmərik, amma 5, 10 xüsusən 15 il bundən qabaqkına nisbətən indi əlaqələrin gücləndiyini demək olar.

XS
SM
MD
LG