Accessibility links

Harayın bu həftə mövzusu incəsənət və filmlərə həsr olunub


İncəsənətşunas Toğrul Cuvarlı

İncəsənətşunas Toğrul Cuvarlı

Sənətşunas Toğrul Cuvarlı deyir ki, Azərbaycanda İran azərbaycanlıları ilə bağlı filmlərin çəkilməməsi siyasi motivlərlə bağlıdır.

Sual: Azərbaycan filmlərində Cənubi Azərbaycan, İranda yaşayan Azərbaycanlılar mövzusu niyə özünə yer almayıb? Bu gün müstəqil Azərbaycan Respublikasında çoxsaylı filmlər çəkilir.

Cavab: Bunun cavabını ilk növbədə siyasi müstəvidə axtarmaq lazımdır. Yəni, son tarimizdə, XX əsrin ortalarında qısaca bir dövrdə imkan yarandı ki, Arazın o tayında, bu tayında yaşayan azərbaycanlılar bir-birilərini daha yaxından tanısınlar. Bu tarixi fürsət bir çox səbəblərə görə çox tez itdi. İlk növbədə geo-politik səbəblərə: o vaxt müharibədən sonra ölkələr bölünürdü – bu səbəbdən bu alınmadı. Ona görə bu mövzu həmişə Azərbaycan kinosunda çox həssas mövzu olub.

Sual: Təbii ki, İranda da, Azərbaycanda da hazırda film çəkilişi daha çox dövlətlə, dövlət maliyyəsi ilə bağlıdır. Ancaq bununla yanaşı, müstəqil film studioları da mövcuddur. İran film sahəsində dünyada irəlidə gedən ölkələrdən biridir. İran filmində Azərbaycan mövzusu, İranda yaşayan azərbaycanlılar mövzusu niyə əksini tapmayıbdır? Səbəb nədi?

Cavab: Burada İrandan da, Azərbaycandan da danışmaq lazımdır. İran götürsək, İranın bu gün dünya şöhrətli ən azı 5 rejissoru var. Ancaq bunların bir çoxunda prodüserlər qərb adamlarıdır. Yəni qərb bunların vasitəsilə İranı tanıyır. Onlar İranın timsalında ümumbəşəri mövzularla maraqlanırlar. Tanınmış rejissorların içində azərbaycanlılar da var. Amma inanmıram ki, onlarda buna maraq olsun.

Sual: Amma tarixi qəhrəmanlarla bağlı İranın gözəl filmləri var. Bəs azərbaycanlı qəhrəmanlarla bağlı niyə yoxdu? Məsələn Azərbaycan Respublikasında Babək filmi çəkilibdir, Nəsimi filmi çəkilibdir və bunlar həm İranın indiki ərazisində olan Azərbaycanlılarla bağlıdır, həm də Şimali Azərbaycanla bağlıdır. Məsələn Babək qalası İranda, indiki İran ərazisində, azərbaycanlıların yaşadığı İran ərazisindədir. Bəzz qalasıdır. Orada yerləşir. Bəs bunların çəkilişi niyə məhz Azərbaycan Respublikasında aparılıbdır. Və bu filmlərin yeni formaları mümkündürmü?

Cavab: Mənnim aləmimdə hələlik yox. Çünki bizim İranla münasibətlərimiz çox mürəkkəbdir. Yəni mənfi tərəfi də var, müsbət tərəfi də. Siyasi baxımdan İran üçün bu çox incə bir məsələdir. Bununla yanaşı İranın püxtələşmiş operatorları tez-tez Azərbaycanda film çəkməyə dəvət olunur. Əlbəttə onların içərisində azərbaycanlılar da olur. Bu bəlkə də siz soruşduğunuz prosesin başlanğıcıdır. Bu işlər gərək mərhələli aparılsın.

Sual: Film ssenariləri də mövcud deyil. Film çəkilməmişdən əvvəl senari yazılır. Hazır ssenarilər də yoxdur Azərbaycan Respublikasında?

Cavab: Hətta mən belə deyərdim. Ssenari paketlərini nəzərdən keçirsək görərik ki, nəinki kino üçün heç özü üçün də bu mövzuda ssenari yazan olmayıb.

Sual: Bəs tarixi qəhrəmanlarla bağlı, mən Babəkin adını çəkdim müsahibənin əvvəlində. Məsələn Şah İsmayıl Xətai ilə bağlı. Çünki Şah İsmayılı İranda da çox sevirlər. Hətta farslar da çox sevirlər. İranda yaşyan bütün xalqlar çox sevirlər. Həm də Azərbaycanlıların milli qəhrəmanıdır bu. Azərbaycan üçün örnək bir insandır və Azərbaycanda da bu çox sevilir. Məsələn Şah İsmayılın həyatı ilə bağlı bir müştərək film çəkmək mümkündürmü?

Cavab: Mən müştərək filmə inanmıram. Amma başqa şeyə inanıram. Bəzən mənəviyyatda, lap kinonun özündə yarış abu-havası çox yaxşıdır. Arzulayardım ki, İran bu gün deyir ki, Şah İsmayıl Xətai Səfəvilərin, İran sülaləsinin şahı olub. Biz də deyirik ki, Şah İsmayıl azərbaycanlı olub, bütün Səfəvilər azərbaycanlıların olublar. Mənə maraqlı olardı ki, bir film İranda çəkilsin, biri də Azərbaycanda və biz bu iki filmi tutuşdura bilək. Bu yolla bəlkə də tarixin qaranlıq məqamları bizə daha aydın olar.

Sual: Məsələn Xosrov və Şirin, Nizami GƏncəvi, çox gözəl bir əsərdir. Ssenari üçün də çox yararlıdır. Bisütun dağı İrandadır və bu əsərində böyük bir hissəsi də indiki Azərbaycan Respublikasının ərazisində baş verir. Mümkündürmü bununla bağlı da müştərək bir film çəkilsin?

Cavab: Bu, bəlkə də mümkündür. Gərək yeni nəsil gəlsin. Vaxtilə bizdə Nizami filmi çəkilirdi. Bu mövzu da kifayət qədər həssas mövzudur. Farslar onu özlərinin dahi şairi hesab edir. Amma Xosrov və Şirin kimi mövzulara gəldikdə, şübhəsiz ki burada müştərək işləmək olardı Yenə də mənə elə gəlir ki, qabarıq şəkildə bu mövzuya toxunmaq olmazdı.

XS
SM
MD
LG