Accessibility links

"Haray"ın bu həftəki qonağı tanınmış şair Ramiz Rövşəndir


Ramiz Rövşən, tanınmış şair

Ramiz Rövşən, tanınmış şair

Harayın bu həftəki mövzusu tanınmış şair Ramiz Rövşənin İran Azərbaycanı barədə yaradıcılığı barədədir. Ramiz Rövşən daha çox cavanlığında bu mövzuda şerlər yazdığını bildirir. Tanınmış şairlə müsahibəni sizə təqdim edirik

Sual: Ramiz Rövşən yaradıcılığında İranda yaşayan azərbaycanlılar mövzusunun yeri nədir?
Cavab: Bu mövzuda əsasən gəncliyimdə çox yazmışam. O vaxt bu mövzu çox həssas bir mövzu idi və demək olar ki, bütün şairlərimiz yazırdılar. SSRİ dağılandan, sərhədlər açılandan sonra, gedib-gəlmək asanlaşandan sonra bu mövzu elə bil bir ağrısını, kəsərini itirib. Amma əslində o mövzu yenə əvvəlki həssaslığındadır. Hazırda o tayda qəribə bir mənəvi oyanma gedir.

Sual: Cavan Ramiz Rövşənin yaradıcılığında İranda yaşayan azərbaycanlılar mövzusu mühüm yer tuturdu. Bəs bu gün yaşının mötəbər bir vaxtında Ramiz Rövşən yaradıcılığında bu mövzu nə yerdədir?
Cavab: Bu yalnız şeir, sənət mövzusu deyil. Bu gün bu mövzu haqda insan gərək hər dəqiqə düşünsün. Bütün Azərbaycan şairləri o taylı, bu taylı bütöv oxucuya iddia etməlidir. Mən bir neçə ildir ki, o tayda nə qədər oxucumuzun olduğunu hiss edirəm. Hiss edirəm ki, şeirlərim Təbrizdə də oxunur, ümumiyyətlə harada azərbaycanlı varsa orada oxunur.

Sual: Əgər Təbrizdə sizin oxucularınız varsa da, çoxdursa, sizin kitablarınız İranda niyə o qədər də dərc edilmir?
Cavab:
Mənim kitabların son vaxtlar orada çox dərc olunur. 2007-ci ildə mənim “Göz daş saxlamaz” kitabım dərc olundu. Kitab bir ildə 4 təkrar nəşr olub. İndi bu yaxınlarda “Bir yağışlı nəğmə” şerlər və nəğmələr kitabım, iki bir yerdə nəşr olunub.

Sual: Ramiz Rövşən şeri, İranda yaşayan azərbaycanlılarla bağlı bir şeri nümunə kimi deyə bilərsinizmi?
Cavab: Bu mənim gəncliyimdə yazdığım bir şeirdir. “Azərbaycan balıqları” adlı bir şeirdir:

Biz yatırıq, Araz yatmır.
Araz daşır gecələri,
Araz örtür şəhərləri,
Binaları, küçələri.
Nə qəribə tilsim olur,
Nə qəribə ovsun olur
Adam dönüb balıq olur,
Ağac dönüb yosun olur.

Sual: Azərbaycan Respublikasındakı ədəbi mühitdə, İranda yaşayan azərbaycanlılarla bağlı, onların məişəti ilə bağlı, yer varmı? Və yaxud Azərbaycan Respublikasında yaşayan insanların İranda yaşayan azərbaycanlıların ədəbi mühitində yeri varmı?
Cavab:
Mənə elə gəlir ki, bu gün o tayda oxucu marağı bu taydakından daha çoxdur. Ən birinci səbəblərindən biri odur ki, o tayda təxminən bizim 60-cı illəri xatırladan qəribə bir oyanma, intibah dövrü keçir. Həmin o oyanma dövrü dünyaya açılmağı gətirir. Bizim ən böyük faciəmizdən biri millət kimi bizdə olan yarımçıqlıq duyğusudur və bu duyğu hər işimizə aiddir.

XS
SM
MD
LG