Accessibility links


Şahmat üzrə keçmiş dünya çempionu və Rusiyada tanınmış müxalif siyasətçi olan Harri Kasparov ona vətəndaşlıq verilməsi haqda Latviya hökumətinə müraciət edib. Onun sözlərinə görə, bununla o, Rusiyada siyasi fəaliyyətini davam etdirmək imkanı qazana bilər.

Reuters xəbər agentliyinin yaydığı məktubda 50 yaşlı Kasparov yazıb ki, Latviya vətəndaşlığı onun Rusiyada, habelə insan haqları və demokratik normaların pozulduğu digər ölkələrdə siyasi fəaliyyətini təhlükəsiz şəkildə davam etdirməsinə imkan yarada bilər.

Rusiyada tanınmış müxalifət lideri və prezident Vladimir Putinin kəskin tənqidçisi olan Kasparov son zamanlar əsas etibarilə xarici ölkələrdə yaşayır.

Harri Kasparov məktubda oğlu Vadimin anasının Latviya vətəndaşı olduğunu və səkkiz yaşında çox mühüm qələbəsini məhz keçmiş sovet respublikası olan Latviyada əldə etdiyini qeyd edib.

O, həmçinin məktubda müasir Latviyada insan azadlıqlarının müdafiə edildiyi haqda da yazıb. “Hər bir latviyalı öz fikrini azad şəkildə ifadə edə, siyasi prosesdə iştirak edə bilir və bunun nəticələrindən qorxmur”-deyə Harri Kasparov qeyd edib.

Latviyada “Birlik” hakim koalisiya partiyasının lideri Layla Timrota Kasparovun eyni zamanda Rusiya vətəndaşlığını da saxlamaq istədiyini bildirib.

Harri Kasparovun məktubu Latviyada əksər parlament üzvlərinə ünvanlanıb.
XS
SM
MD
LG