Accessibility links

Harvard Universitetinin məzunu həbsxanadan Azərbaycan prezidentinə açıq məktub yazıb


Harvard Universitetinin məzunu həbsxanadan Azərbaycan prezidentinə açıq məktub yazıb

Harvard Universitetinin məzunu həbsxanadan Azərbaycan prezidentinə açıq məktub yazıb

O yazır ki, siyasi sifarişlə həbs edilənlərin hansı günahlarını etiraf etməli olduğunu düşünürsünüz? Jurnalistlərin ciblərinə qoyulan narkotik vasitələrin onlara aid olmasını, gənc fəalların idmançıları döyərək xəstəxanalıq etməklərini, yoxsa siqaret belə çəkməyən gəncin heroin istifadəçisi olduğunu? Bəlkə də mən “təhsil almaq adı ilə, əslində hərbi xidmətdən yayınmaq məqsədilə Harvard Universitetinə getməyimi” etiraf etməliyəm?

Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən, hazırda Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəal, ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev prezident İlham Əliyevə açıq məktub yazıb.

“Media forum” saytının məlumatına görə, açıq məktubda deyilir: “Cənab prezident! Bugünlərdə “WikiLeaks” sənədlərindən ABŞ-ın ölkəmizdəki sabiq səfiri ilə görüşünüz zamanı həbsdə olan jurnalistlərlə bağlı təxmini bu fikirləri səsləndirdiyinizi oxudum:

1) Onlar ABŞ, ATƏT və Avropa Şurasına yox, mənə müraciət etməlidirlər.
2) Onlar ya öz günahlarını etiraf etməlidirlər, ya da həbsdə qalmalıdırlar.

2009-cu ilin yayında həbs edilmiş iki gənc fəalın (Emin Milli və Adnan Hacızadə) müdafiəsi zamanı mən də Sizin birinci fikrinizə uyğun təklif vermişdim. Xaricdə təhsil almış gənclər adından Sizə müraciət hazırladıq, yüzlərlə gənc bu müraciəti imzaladı. Müraciəti Prezident Administrasiyasına təqdim etdikdə, mənə lovğalıqla və təkəbbürlə bu müraciətin də digər müraciətlərin yanına atılacağı, heç bir daxili və xarici müraciətin nəticəsi olmayacağı, gənclərin “nə vaxt lazım gəlsə, onda da azad ediləcəkləri” bildirildi.

Təbii ki, yüzlərlə gəncin imzaladığı və Sizə ünvanladığı müraciətə bu etinasız münasibət özbaşına deyildi. Bu hal məni təəssüfləndirmişdi. Bəlkə də vətəndaşların müraciətlərinə vaxtında diqqətlə yanaşılsaydı, ortadakı haqsızlıqlar dərhal aradan qaldırılsaydı, bu gün heç kim ABŞ, ATƏT, və Avropa Şurasına müraciət etməzdi.

Siyasi sifarişlə həbs edilənlərin hansı günahlarını etiraf etməli olduğunu düşünürsünüz? Jurnalistlərin ciblərinə qoyulan narkotik vasitələrin onlara aid olmasını, gənc fəalların idmançıları döyərək xəstəxanalıq etməklərini, yoxsa siqaret belə çəkməyən gəncin heroin istifadəçisi olduğunu? Bəlkə də mən öz ittiham aktımda yazıldığı kimi “təhsil almaq adı ilə, əslində hərbi xidmətdən yayınmaq məqsədilə Harvard Universitetinə getməyimi” etiraf etməliyəm? Yoxsa təhsil nazirinin müavini postunda Elmar Qasımovun dediyi kimi “dövlətin imkanlarından bəhrələnmək əvəzinə hökümətdən narazı olmağımı?”. Sifarişlə həbs olunanlar nəyi etiraf edib əfv diləməlidirlər Sizdən?

Cənab prezident!

Bəlkə də bəyənmədiyiniz və Sizi narahat edən vəziyyətin günahını həbsdə olanlarda yox, çevrənizdə axtarmağın vaxtıdır?

Bəlkə bütün dünyada sürətli demokratikləşmə prosesi getdiyi bir vaxtda Azərbaycanı sovet təfəkküründən xilas ola bilməmiş şəxslərin yox, müasir dövrün tələblərini oxuya bilən məsləhətçilərinizin tövsiyələri ilə idarə etmək lazımdır?

Bəlkə də, nəhayət ki, alternativ yanaşmalara dözümlü yanaşmağın və alternativ fikirləri dinləməyin vaxtıdır?”

XS
SM
MD
LG