Accessibility links

Həsən Ruhani: İran nüvə proqramına malik olmaq hüququndan imtina etməyəcək


İran prezidenti Həsən Ruhani deyib ki, İran beynəlxalq vasitəçilərlə hər hansı bir razılaşmada ölkənin özündə uranın zənginləşdirilməsi də daxi olmaqla, nüvə proqramına malik olmaq hüququndan imtina etməyəcək.

Cənab Ruhani bu açıqlamanı xarici işlər naziri və digər rəsmilərin Cenevrədə dünyanın altı qüdrətli dövləti ilə danışıqlarda razılığın əldə edilmədiyini bildirməsindən sonra sərt xətt tərəfdarlarının bastionu olan İran partlamentində çıxışı zamanı verib.

İran və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya formatında keçən danışıqların əsas məqsədi İranı nüvə silahları istehsalına imkan verə biləcək nüvə proqramını dayandırmağa razı salmaqdan ibarət idi. Bunun əvəzində, BMT İrana qarşı tətbiq edilmiş bəzi sanksiyaları yüngülləşdirə bilərdi.

Fransa təklif edilmiş razılığın İranın uran zənginləşdirilməsi proqramı, ya da plutonium istehsalı üçün nüvə reaktorunu inkişaf etdirməsinin qarşısını çox az ala biləcəyini bildirib.

İranın nüvə proqramını ölümcül təhlükə kimi qiymətləndirən İsrail İranın nüvə yanacağı istehsalı qabiliyyətinə toxunmadan Tehrana qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan hər hansı bir razılıqla bağlı xəbərdarlıq edib.

ABŞ Dövlət katibi Con Kerri NBC televiziyasına müsahibədə deyib ki, İranla hər hansı bir razılaşmada İsrail və dünyanın irəli sürdüyü tələblərlə bağlı qarantiyalar nəzərə alınacaq.
XS
SM
MD
LG