Accessibility links

Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirib


Neft quyusu

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı ildə Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan yanvar ayı ərzində gündəlik neft hasilatını götürdüyü öhdəliyə uyğun olaraq azaldıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2017-ci ilin yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub.

“Bunun 743,1 min barrelini xam neft, 50,8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50,8 min barrel kondensat, 24,2 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib”, nazirlik qeyd edir.

Belə ki, saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barrel təşkil edib.

Nazirlik bildirir ki, təhlillər mövcud qərarın neft qiymətinin artmasına və sabitləşməsinə müsbət təsir etdiyini göstərib.

XS
SM
MD
LG